
Azərbaycanda işə qəbul qaydaları dəyişir: yeni tibbi tələb tətbiq olunacaq
Fins.az - Azərbaycanda vətəndaşların işə qəbulu zamanı yeni tibbi tələb tətbiq ediləcək.
Məlumata görə, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, müəyyən peşə və vəzifələr üzrə işə qəbul zamanı dövlət narkoloji tibb müəssisəsinin verdiyi tibbi yoxlama rəyi tələb olunacaq.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, yalnız ağır, zərərli və təhlükəli əmək şəraiti olan işlərdə, eləcə də qida sənayesi, ictimai iaşə, səhiyyə və ticarət sahələrində çalışan şəxslər əmək müqaviləsi bağlayarkən sağlamlıqları barədə tibbi arayış təqdim etməlidirlər.
Yeni tələb kimlərə aid olacaq?
Qanun layihəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək peşə və vəzifələr üzrə, xüsusilə narkoloji xəstəliklərlə bağlı məhdudiyyət qoyulan sahələrdə işə qəbul zamanı əlavə sənəd tələb olunacaq.
Belə ki, həmin sahələrdə çalışmaq istəyən şəxslər:
dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş
tibbi müayinə (yoxlama) haqqında rəy
təqdim etməlidirlər.
Qadağa tətbiq ediləcək
Yeni qaydalara əsasən:
tələb olunan tibbi arayış və rəy olmadan
vətəndaşın müvafiq vəzifəyə işə qəbulu
qadağan ediləcək.
Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.