Azərbaycanda internet istifadəçilərinin 90.8 faizi əhali üzrə qeydə alınıb

Azərbaycanda internet istifadəçilərinin 90.8 faizi əhali üzrə qeydə alınıb

SOSİUM
205

Dövlət Statistika Komitəsinin 2024-cü ildə ev təsərrüfatlarında İKT-dən istifadəyə dair seçmə statistik müayinəsinin nəticələrinə əsasən, əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 90 tam onda səkkiz olub. 6–15 yaş qrupu üzrə bu göstərici 90 tam onda 1 faiz təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin üç komitəsinin birgə iclasında çıxışı zamanı məlumat verib.

Komitə sədri bildirib ki, Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci il sorğusuna əsasən, məktəbyaşlı övladı olan respondentlərin 63 tam onda 5 faizi övladının sosial mediadan istifadə etdiyini, 36 tam onda 5 faizi isə istifadə etmədiyini qeyd edib.

Onun sözlərinə görə, sosial şəbəkələrin həyatın ayrılmaz hissəsinə çevrildiyi dövrdə uşaqların psixoloji sağlamlığının qorunması və nəzarətsiz istifadənin qarşısının alınması xüsusi əhəmiyyət daşıyır.

Hicran Hüseynova bildirib ki, müzakirələrdə əsas yanaşma “qadağa etmək və ya etməmək” deyil, uşaqları inkişaf imkanlarından məhrum etmədən real və rəqəmsal mühitdə təhlükələrdən qoruyan balanslı sistemin yaradılmasıdır.

Komitə sədri beynəlxalq təcrübəyə də diqqət çəkərək Avstraliya, Danimarka, Norveç, Türkiyə və Fransada yaş məhdudiyyətlərinin tətbiq edildiyini, ABŞ və bəzi Avropa ölkələrində valideyn nəzarəti sistemlərinin mövcud olduğunu, Çində isə sərt dövlət tənzimləmələrinin həyata keçirildiyini bildirib.

O, Azərbaycanda 2018-ci ildə qəbul edilən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunu xatırladaraq, siqaret, alkoqol, soyuq silah və pornoqrafik məzmunlara çıxışla bağlı mövcud məhdudiyyətlərin də uşaqların müdafiəsinə xidmət etdiyini qeyd edib.

Hicran Hüseynova əlavə edib ki, yeni yanaşmaya əsasən 16 yaşadək şəxslərin sosial şəbəkələrdə hesab açmasına icazə verilməməsi, 16–18 yaş arası şəxslərin isə valideyn icazəsi ilə platformalardan istifadə etməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu dəyişikliklər uşaqların kibertəhdidlərdən, zərərli məzmundan və psixoloji risklərdən qorunmasına yönəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda internet istifadəçilərinin 90.8 faizi əhali üzrə qeydə alınıb — Fins.az — Fins.az