Azərbaycanda enerji saxlanc mərkəzləri qurulur

Azərbaycanda enerji saxlanc mərkəzləri qurulur

SOSİUM
672

Fins.az - Azərbaycan neft və qaz hasilatı ilə yanaşı, alternativ enerji istehsalının genişləndirilməsinə xüsusi önəm verir.

Qeyri-neft sektorunun inkişafı çərçivəsində ölkənin coğrafi və iqlim imkanlarından səmərəli istifadə prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Qlobal miqyasda enerjiyə tələbatın artdığı bir dövrdə Azərbaycan yaşıl enerji istehsalını artıraraq ixrac imkanlarını genişləndirməyi hədəfləyir. Bu məqsədlə ölkə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsində aktiv iştirak edir və eyni zamanda mühüm tranzit rolunu üzərinə götürür.

Enerji tranzitinin dayanıqlığını təmin etmək üçün isə infrastrukturun gücləndirilməsi əsas şərtlərdən biridir. Bu baxımdan 500 kV-luq “Abşeron” və 220 kV-luq “Ağdaş” yarımstansiyaları ərazilərində enerji saxlanc mərkəzlərinin yaradılması strateji addım kimi qiymətləndirilir. Bu obyektlər gələcək enerji sisteminin sabit və çevik idarə olunmasına xidmət edir.

Layihənin əhatə dairəsi yalnız Azərbaycanla məhdudlaşmır. Qazaxıstan və Özbəkistan kimi Mərkəzi Asiya ölkələri də təşəbbüsdə yer alır və istehsal etdikləri elektrik enerjisini Azərbaycan üzərindən Avropaya ixrac etməyi planlaşdırırlar. Hazırda layihə üzrə texniki-iqtisadi əsaslandırmanın son mərhələsi tamamlanmaq üzrədir və növbəti addım kimi Xəzər və Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsi nəzərdə tutulur.

Rəqəmlər də bu istiqamətdə potensialın yüksək olduğunu göstərir. Qazaxıstan 2030-cu ilədək enerji gücünü 26 QVt-a çatdırmağı planlaşdırır, bunun 30-35%-i bərpaolunan mənbələrin payına düşəcək. Özbəkistan isə 20 QVt-dan artıq yaşıl enerji potensialı formalaşdıraraq bu sahənin payını 40%-ə yüksəltməyi hədəfləyir.

Azərbaycanda isə yaşıl enerji potensialı daha genişdir. Rəsmi məlumatlara əsasən, ölkədə quruda 135 QVt, dənizdə isə 157 QVt texniki potensial mövcuddur. 2027-ci ilə qədər ümumi gücü 2 giqavatdan çox olan layihələrin icrası planlaşdırılır.

Bu qədər böyük həcmdə enerjinin ixracı üçün isə enerji saxlanc sistemləri mühüm rol oynayır. Bu mərkəzlər bərpaolunan enerji mənbələrinin fasiləsizliyini təmin edir, şəbəkənin sabitliyini qoruyur və pik saatlarda yaranan enerji çatışmazlığını aradan qaldırır.

Ekspertlərin fikrincə, enerji saxlanc mərkəzləri yalnız texniki deyil, həm də iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır. Bu sistemlər enerji müstəqilliyini gücləndirir, istehsal və istehlak arasında balans yaradır və ümumilikdə ölkənin enerji təhlükəsizliyini artırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda enerji saxlanc mərkəzləri qurulur — Fins.az — Fins.az