Azərbaycanda əlçatan mənzil proqramı genişlənir: bazardan 25% ucuz mənzillər

Azərbaycanda əlçatan mənzil proqramı genişlənir: bazardan 25% ucuz mənzillər

SOSİUM
417

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyəti yalnız Bakı şəhəri ilə məhdudlaşmır və Azərbaycanın bir sıra regionlarını da əhatə edir.

Fins.az xəbər verir ki, bu barədə WUF13 çərçivəsində Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə MİDA-nın aparat rəhbəri Cəmşid Əmirov məlumat verib.

O bildirib ki, indiyədək MİDA tərəfindən ümumilikdə 19 layihə icra olunub və bu layihələrdən 11-i artıq tamamlanaraq 14 mindən çox əlçatan mənzili əhatə edib.

Cəmşid Əmirov qeyd edib ki, agentlik işğaldan azad olunmuş ərazilərdə də fəal fəaliyyət göstərərək üç layihənin icrasını uğurla başa çatdırıb.

Onun sözlərinə görə, MİDA gələcək layihələr üçün uyğun torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır və bu zaman iş yerlərinə yaxınlıq, eləcə də ekoloji təmizlik əsas meyar kimi nəzərə alınır.

Rəsmi əlavə edib ki, vətəndaşlara təqdim olunan mənzillərin qiyməti bazar qiymətlərindən orta hesabla 25 faiz aşağıdır, bəzi hallarda isə bu fərq daha yüksək olur.

C.Əmirov vurğulayıb ki, vətəndaşlar yalnız 10 faiz ilkin ödəniş etməklə aşağı faizli uzunmüddətli ipoteka kreditlərindən yararlana bilirlər. Onun sözlərinə görə, mənzillər tam təmirli şəkildə, mətbəx mebeli və istilik sistemi ilə birlikdə təhvil verilir.

MİDA rəsmisi bildirib ki, yaşayış kompleksləri təhlükəsiz və ekoloji cəhətdən əlverişli ərazilərdə inşa olunur və layihələndirmə zamanı məktəblər, uşaq bağçaları, tibb mərkəzləri, geniş həyətlər, yaşıllıq zonaları, oyun meydançaları, velosiped yolları və ictimai nəqliyyata çıxış kimi sosial infrastruktur elementləri də nəzərə alınır.

Onun sözlərinə görə, şəffaflığın və əlçatanlığın artırılması məqsədilə “Güzəştli Mənzil” Elektron Sistemi yaradılıb. Bu platforma vasitəsilə vətəndaşların müraciətləri real vaxt rejimində onlayn qaydada qəbul edilir və məlumatlar dövlət qurumlarının inteqrasiya olunmuş sistemləri ilə yoxlanılır.

C.Əmirov əlavə edib ki, əlçatan mənzil anlayışı yalnız aşağı qiymət demək deyil, həm də sosial infrastruktur, ictimai nəqliyyat, yaşıl məkanlar və məşğulluq imkanları ilə inteqrasiya olunmuş yaşayış mühitini əhatə etməlidir.

Qeyd edək ki, Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü davam edir.

Forum çərçivəsində mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, gənclərin şəhər inkişafında iştirakı və dayanıqlı urbanizasiya kimi mövzular müzakirə olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda əlçatan mənzil proqramı genişlənir: bazardan 25% ucuz mənzillər — Fins.az — Fins.az