Azad olunan ərazilərə köçən keçmiş məcburi köçkünlərə 3 il sosial dəstək veriləcək

Azad olunan ərazilərə köçən keçmiş məcburi köçkünlərə 3 il sosial dəstək veriləcək

SOSİUM
148

Fins.az – Azad olunmuş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən və ya təklif olunan mənzildən imtina edən şəxslərin məcburi köçkün statusu ləğv ediləcək. Bununla yanaşı, həmin şəxslər 3 il müddətində sosial müdafiə tədbirləri ilə əhatə olunacaqlar.

Bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna təklif olunan dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında üçüncü oxunuşda qəbul edilib.

Deputat bildirib ki, hazırda keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulan güzəştlər dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra da 3 il müddətində qüvvədə qalacaq.

V.Bayramov qeyd edib ki, Nazirlər Kabinetinin qaydalarına əsasən, məcburi köçkün statusuna və müavinət almaq hüququna malik ailə üzvünün hər biri üçün aylıq 60 manat məbləğində ödəniş edilir:

"Keçmiş məcburi köçkün ailələrinin övladları dövlət universitetlərinə ödənişli əsaslarla qəbul olunduqda onların təhsil haqları dövlət tərəfindən qarşılanır. Bundan əlavə, bir sıra dövlət rüsumları üzrə də güzəştlər tətbiq edilir. Yeni dəyişikliklərə əsasən, bu güzəştlər və sosial dəstək mexanizmləri dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra da 3 il ərzində saxlanılacaq. Əgər keçmiş məcburi köçkün ailəsinin övladı universitetə qəbul olunarkən güzəşt hüququna malikdirsə, onun təhsil müddəti 3 ildən artıq davam etsə belə, həmin hüquq bütün təhsil dövrü ərzində qüvvədə qalacaq. Qəbul edilən dəyişikliklər dövlətin keçmiş məcburi köçkünlərə göstərdiyi sosial dəstəyin davamlı xarakter daşıdığını göstərir və onların doğma yurdlarına qayıtdıqdan sonra da müəyyən müddət ərzində sosial müdafiə ilə əhatə olunmasını təmin edir."

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azad olunan ərazilərə köçən keçmiş məcburi köçkünlərə 3 il sosial dəstək veriləcək — Fins.az — Fins.az