
ADY Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edib
Sərnişin tələbatının artması ilə əlaqədar Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Fins.az xəbər verir ki, ADY-dən verilən məlumata əsasən, əlavə reyslər 25 və 26 aprel tarixlərində həyata keçiriləcək. Sözügedən istiqamətdə sərnişinlərin rahatlığını təmin etmək məqsədilə əlavə qatarların hərəkəti təşkil olunur.
Bildirilib ki, bu reyslər üzrə biletləri 10 faiz endirimlə əldə etmək mümkündür. Endirimli biletlər dəmiryol kassaları ilə yanaşı, ADY-nin rəsmi internet saytı və “ADY Mobile” tətbiqi vasitəsilə satışa çıxarılıb.
Qeyd olunur ki, Bakı–Ağstafa xətti ilə yanaşı, Bakı–Qazax–Bakı marşrutu üzrə də gündəlik sərnişin qatarlarının hərəkəti davam edir.