
Tibbi sığorta bazarında yeni məhsul: “ÖZƏL +” proqramı
Fins.az – “A-Qroup Sığorta Şirkəti” tibbi sığorta bazarında yeni məhsulunu təqdim edib. “ÖZƏL +” adlı proqram fərdi ehtiyaclara uyğun hazırlanmış sığorta həlli kimi geniş tibbi xidmətlər paketini əhatə edir.
Şirkətin açıqlamasına əsasən, proqram insanların vaxtında tibbi xidmətlərə çıxışını asanlaşdırmaq və yüksək müalicə xərclərini daha əlçatan şəkildə qarşılamaq məqsədi daşıyır.
Yeni sığorta paketi illik təxminən 15 000 AZN tibbi xərcləri əhatə edir. Proqramın illik sığorta haqqı isə yaş kateqoriyasına uyğun olaraq 499 AZN-dən başlayır.
“ÖZƏL +” proqramı çərçivəsində ambulator və stasionar müalicə, təcili tibbi yardım, dərman təminatı, təcili və planlı stomatoloji xidmətlər, fizioterapiya, tibbi masaj və vaksinasiya xidmətləri təqdim olunur. Eyni zamanda telesəhiyyə xidməti də paketin tərkibinə daxildir.
Şirkətin “A-Group Mobile Concierge” mobil tətbiqi vasitəsilə istifadəçilər SOS düyməsi ilə birbaşa əlaqə yarada bilir. Sistem geolokasiya məlumatı əsasında operativ tibbi yardımın ünvan üzrə yönləndirilməsini təmin edir.
Proqram çərçivəsində pulsuz check-up xidmətləri də təqdim edilir. Buraya terapevt müayinəsi, EKQ, laborator analizlər, USM, rentgen müayinəsi və müxtəlif onkoloji risk testləri daxildir.
Şirkət bildirir ki, yeni məhsul tibbi xidmətlərə çıxışı sadələşdirməklə yanaşı, vətəndaşların sağlamlıq xərclərinin daha effektiv idarə olunmasına xidmət edir.