
Tanınmış sığorta mütəxəssisi Sığorta Agentliyinə rəhbərlik edəcək
Tanınmış sığorta mütəxəssisi Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıdıb.
Fins.az xəbər verir ki, o, bu gündən etibarən insure.az brendi ilə fəaliyyət göstərən "Profam" Sığorta Agentliyinin direktoru vəzifəsində işə başlayıb.
Sığorta bazarında uzunmüddətli fəaliyyəti və peşəkar təcrübəsi ilə tanınan Nicat Əlibəyli müxtəlif sahələri əhatə edən 20 ilə yaxın iş təcrübəsinə malikdir. O, karyerası ərzində sığorta sektorunda bir sıra rəhbər vəzifələrdə çalışıb.
Əlibəyli əvvəllər Ata Sığorta ASC-nin Bakı nümayəndəliyinin rəhbəri, həmçinin Azərbaycan Sənaye Sığorta ASC-də satış şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.
Bundan əlavə, o, dövlət sektorunda da çalışaraq Dövlət Məşğulluq Agentliyi sistemində rəhbər idarəçi kimi fəaliyyət göstərib.
Prezident yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Dövlət Universiteti məzunu olan Nicat Əlibəyli yeni vəzifəsində agentliyin strateji inkişafına, xidmət keyfiyyətinin artırılmasına və bazardakı mövqeyinin gücləndirilməsinə rəhbərlik edəcək.
Şirkətdən bildirilib ki, onun təcrübəsi və idarəçilik bacarıqları agentliyin qarşıdakı dövrdə yeni hədəflərinə çatmasına mühüm töhfə verəcək.