Daşınmaz əmlak sığortası ilə bağlı yeni qanunvericilik dəyişiklikləri hazırlanıb - AMB-nin baş direktoru
Fins.az – Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Bankçılıq, Maliyyə və Sığorta Komitəsi tərəfindən təşkil olunan "Əmlak sığortası və risklərdən qorunma: Mənzillərin və bizneslərin təhlükəsizliyinin təmin edilməsi" mövzusunda görüşdə çıxış edib.
AMB-nin sosial şəbəkə platforması "X" hesabında yayılan məlumata görə, V.Qurbanov vətəndaşların və biznes subyektlərinin maliyyə sabitliyinin qorunması, risklərin effektiv idarə olunması, həmçinin təbii fəlakətlər zamanı dövlətin fiskal yükünün azaldılması baxımından əmlak sığortasının mühüm rol oynadığını vurğulayıb.
Baş direktor bildirib ki, Mərkəzi Bank son dövrlərdə sığortaçıların üzərinə götürdüyü risklərə qarşı dayanıqlılığın artırılması və ümumilikdə sığorta sektorunun möhkəmləndirilməsi istiqamətində islahatlar həyata keçirir.
Onun sözlərinə görə, bu çərçivədə daşınmaz əmlak sığortası üzrə katastrofik risklərin modelləşdirilməsi nəzərdə tutulur. Modelləşdirmə nəticəsində mümkün zərərlərin daha dəqiq proqnozlaşdırılması təmin ediləcək və sığortaçıların mümkün zəlzələ risklərinə qarşı dayanıqlılığı gücləndiriləcək.
V.Qurbanov əlavə edib ki, katastrofik hadisələr zamanı zərərlərin daha effektiv tənzimlənməsi, eləcə də sığorta əhatəsinin genişləndirilməsi məqsədilə daşınmaz əmlakın icbari sığortası üzrə beynəlxalq təcrübəyə əsaslanan qanunvericilik dəyişiklikləri layihəsi hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib.
Görüş əmlak sığortasının inkişaf perspektivləri, risklərin effektiv idarə olunması üzrə müasir yanaşmalar, sektorda əməkdaşlığın genişləndirilməsi imkanları, eləcə də əhali və biznes subyektlərinin risklərə qarşı dayanıqlılığının artırılmasına həsr olunan panel müzakirəsi ilə davam edib.