
“AtaSığorta”nın lisenziyası ləğv edilib – Mərkəzi Bank qərar verdi
Azərbaycan Mərkəzi Bankının qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə məxsus sığorta fəaliyyəti lisenziyası ləğv edilib.
Fins.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankına istinadən açıqlanıb. Qərar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə uyğun olaraq könüllü müraciət əsasında qəbul edilib.
Mərkəzi Bankın İdarə Heyətinin 17 aprel 2026-cı il tarixli qərarı ilə “AtaSığorta” ASC-yə 10 noyabr 2009-cu il tarixində verilmiş, 000300 nömrəli sığorta fəaliyyəti lisenziyası rəsmən ləğv olunub.
Açıqlamada qeyd edilib ki, şirkətin lisenziyasının ləğvi sığorta sektorunun maliyyə dayanıqlılığı və ümumi sabitliyinə hər hansı bir təhdid yaratmır. Eyni zamanda vurğulanıb ki, ləğvetmə prosesi Azərbaycan Respublikasının mövcud qanunvericiliyi çərçivəsində Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcək.