
Aqrar sığorta sistemi fermerlərin risklərini azaldır — Məcnun Məmmədov
2025-ci ilin nəticələrinə əsasən, Azərbaycanda kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyəri 7,6 milyard manat təşkil edib. Aqrar sektorun ölkə üzrə ümumi daxili məhsulda (ÜDM) payı 5,9%, qeyri-neft sektorunda isə 8,3% səviyyəsində qeydə alınıb.
Fins.az xəbər verir ki, bu göstəricilər barədə Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda Sığorta Forumunda çıxışı zamanı məlumat verib.
Nazir bildirib ki, kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyində strateji rol oynayır və hazırda ərzaq istehlakının 80%-i yerli istehsal hesabına təmin olunur. Onun sözlərinə görə, son illərdə aqrar sahədə həm kəmiyyət artımı, həm də keyfiyyət dəyişiklikləri müşahidə edilir. Bu dəyişikliklər sektorun strukturunun yenilənməsi və daha effektiv aqrar iqtisadi modelin formalaşdırılması ilə müşayiət olunur.
Məcnun Məmmədov qeyd edib ki, hazırda Azərbaycanda aqrar sektor yalnız daxili tələbatın ödənilməsinə deyil, həm də ixracyönümlü inkişaf modelinə uyğun şəkildə formalaşır.
Nazir həmçinin iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirlərinə diqqət çəkib. Onun sözlərinə görə, qeyri-sabit hava şəraiti, quraqlıq və daşqın kimi hadisələrin artması region üçün ciddi risklər yaradır. Dünya Bankının məlumatlarına əsasən, son 30 ildə dünyada katastrofik hadisələrin sayı 3 dəfə artıb və bu tendensiya davam edir.
Məcnun Məmmədov vurğulayıb ki, iqlim dəyişiklikləri ən çox kənd təsərrüfatı sektoruna təsir göstərən amillərdən biridir və bu sahədə risklərin idarə olunması xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bu məqsədlə ölkə rəhbərliyinin tapşırığı ilə aqrar sığorta mexanizmi yaradılıb. Aqrar sığorta sistemi fermerlərin risklərinin azaldılması, gəlirlərin sabitləşdirilməsi və investisiya mühitinin yaxşılaşdırılması üçün mühüm alət kimi çıxış edir.
Nazir əlavə edib ki, indiyədək Aqrar Sığorta Fondu tərəfindən minlərlə fermer və təsərrüfat sahibinə ümumilikdə 23 milyon manat sığorta ödənişi həyata keçirilib və bu rəqəmin hər il artdığı müşahidə olunur.