
Aqrar sektorda risklərin idarə olunması üçün innovasiyalar vacibdir - FAO
Fermerlərin fəaliyyətinin təbiət qüvvələrindən birbaşa asılı olduğu, kənd təsərrüfatı sektorunda isə bu asılılığın daha da kəskin hiss edildiyi bildirilib.
Fins.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat Bakıda keçirilən “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda Sığorta Forumunda çıxışı zamanı danışıb.
O qeyd edib ki, yağıntı, temperatur dəyişiklikləri, quraqlıq, eroziya, zərərvericilər və bitki xəstəlikləri fermerlərin qarşılaşdığı əsas təbii risklərdir və bu amillər kənd təsərrüfatı istehsalına birbaşa təsir göstərir.
Nasar Hayatın sözlərinə görə, iqlim dəyişikliyi bu risklərin xarakterini dəyişdirir və kənd təsərrüfatına təsir edən təbii qüvvələrin daha qeyri-sabit və proqnozlaşdırılması çətin hala gəlməsinə səbəb olur.
FAO rəsmisi bildirib ki, bu çağırışların öhdəsindən gəlmək üçün texnologiyaların tətbiqi və innovativ yanaşmalar mühüm rol oynayır. Onun sözlərinə görə, faydalı və vacib texnoloji yeniliklərin kənd təsərrüfatına inteqrasiyası fermerlərə dəstək baxımından vacib istiqamətlərdən biridir.
O əlavə edib ki, bu proseslər ciddi investisiya tələb edir, lakin hər çətinliyin eyni zamanda yeni imkanlar yaratdığı nəzərə alınmalıdır.
Nasar Hayat çıxışında Albert Eynşteynin fikrinə istinad edərək qeyd edib ki, hər problemin daxilində bir həll yolu mövcuddur. O vurğulayıb ki, iqlim dəyişikliyi və qlobal çağırışlar müzakirə olunarkən diqqət yalnız risklərə deyil, həm də yaranan imkanlara və həll yollarına yönəldilməlidir.