
Zəngilan yeni geoiqtisadi qovşaq olacaq - regionda yeni mərhələ başlayır - Tural Gəncəliyev
Prezident İlham Əliyevin Zəngilanda etdiyi çıxış sadəcə siyasi nitq deyil, köhnə beynəlxalq diplomatiya sisteminə verilmiş açıq mesaj kimi qiymətləndirilib.
Fins.az xəbər verir ki, bu fikirləri Tural Gəncəliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.
Deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyevin doğum günündə xalqa müraciət edən Prezident İlham Əliyev Azərbaycanın artıq öz təhlükəsizliyini və regional gələcəyini müstəqil şəkildə müəyyən etdiyini nümayiş etdirib.
Onun sözlərinə görə, təxminən 30 il fəaliyyət göstərmiş ATƏT-in Minsk qrupu diplomatik uğursuzluğun və nəticəsiz vasitəçilik modelinin simvoluna çevrilmişdi. Qrupun əsas məqsədinin münaqişənin həlli deyil, vəziyyətin dondurulması olduğu qeyd edilib.
Tural Gəncəliyev vurğulayıb ki, həmsədr ölkələr – ABŞ, Fransa və Rusiya – BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmasına baxmayaraq, qəbul etdikləri qətnamələrin icrasını təmin etməyiblər və bu, beynəlxalq hüquqa selektiv yanaşma nümunəsi kimi qiymətləndirilib.
Deputat bildirib ki, Azərbaycan 2020-ci ildə BMT qətnamələrinin icrasını öz gücü və siyasi iradəsi ilə təmin edərək beynəlxalq praktikada yeni presedent yaradıb. Bu isə regionda yeni reallığın formalaşmasına gətirib çıxarıb.
O qeyd edib ki, Zəngilanda aparılan bərpa işləri yeni geoiqtisadi mərkəzin formalaşmasına xidmət edir. Rayonun beynəlxalq nəqliyyat qovşağına çevrilməsi və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi bu strategiyanın əsas elementləri kimi qeyd olunub.
Deputat əlavə edib ki, Azərbaycan sülh və əməkdaşlıq gündəliyini irəli sürsə də, regionda revanşizm meyilləri qalarsa, ölkə ayıq-sayıq siyasətini davam etdirəcək.