
WUF13 şəhər siyasətinin formalaşdırılmasında mühüm platformadır - Anar Quliyev
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) şəhərlərin gələcəyinə dair qlobal baxışın formalaşdırılması üçün əsas beynəlxalq platformalardan birinə çevrilib.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev Bakıda keçirilən WUF13 çərçivəsində Liderlər Sammitində çıxışı zamanı bildirib.
O qeyd edib ki, forum qlobal şəhər siyasətinin təşviqi, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi, həmçinin Yeni Şəhər İnkişaf Proqramı və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Anar Quliyev bildirib ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı şəhər inkişafına, şəhərlərin və yaşayış məntəqələrinin bərpasına, urbanizasiya proseslərinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə sadiqliyini nümayiş etdirir.
Onun sözlərinə görə, forum şəhərlərin iqlim dəyişikliyi, mənzil əlçatanlığı, miqrasiya, infrastruktur dayanıqlılığı və sosial həmrəylik kimi qlobal çağırışların mərkəzində olduğu bir dövrdə təşkil olunur.
Komitə sədri əlavə edib ki, bu il WUF13 tarixində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi liderlər sessiyası keçirilib.
“Liderlər sessiyası şəhərlərin gələcəyinə dair ümumi baxışın formalaşdırılması və Yeni Şəhər İnkişaf Proqramının icrasına qlobal öhdəliyin təsdiqlənməsi üçün unikal imkan yaradır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Forum çərçivəsində mənzil təminatı, dayanıqlı şəhərlər və urban inkişafla bağlı ən aktual qlobal problemlər müzakirə olunur. Tədbir müxtəlif ölkələrdən hökumət nümayəndələrini, mütəxəssisləri və beynəlxalq təşkilatları bir araya gətirərək ortaq həll yollarının formalaşdırılmasına xidmət edir.