
WUF13-də postmünaqişə bərpa və iqlim adaptasiyası müzakirə olunur – Anar Quliyev
İqlim dəyişikliklərinə uyğunlaşma və postmünaqişə bərpa prosesləri müasir şəhərsalmanın ən vacib çağırışları sırasındadır.
Fins.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən forumun ikinci günü çərçivəsində rəsmi açılış mətbuat konfransında deyib.
O bildirib ki, hazırda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə son 10 ildə Yeni Şəhər Gündəliyinin icrası qiymətləndirilir və növbəti 10 il üçün yeni urban iqlim gündəliyinin formalaşdırılması müzakirə olunur.
Anar Quliyev qeyd edib ki, forumun ilk günlərində müşahidə edilən güclü yağıntılar da iqlim dəyişikliklərinin real təsirlərini göstərir və bu, artıq yeni reallıq kimi qəbul edilməlidir.
Komitə sədri vurğulayıb ki, qlobal çağırışlar fonunda şəhərlərin adaptasiya qabiliyyətinin artırılması vacibdir. O, eyni zamanda Azərbaycanın postmünaqişə bərpa prosesi və “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən şəhərsalma layihələrinə diqqət çəkib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə mina təmizlənməsi, kompleks planlaşdırma və genişmiqyaslı bərpa işləri paralel şəkildə aparılır və 12 şəhər, yüzlərlə kənd üzrə yenidənqurma həyata keçirilir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda təxminən 90 min nəfər yaşayır, işləyir və təhsil alır.
A.Quliyev bildirib ki, bu təcrübə beynəlxalq tərəfdaşlar üçün də maraq doğurur və müxtəlif ölkələrlə müzakirələr aparılır. O vurğulayıb ki, münaqişədən təsirlənmiş ərazilərdə həyatın bərpası qlobal miqyasda artan əhəmiyyət daşıyır.
O əlavə edib ki, Azərbaycan və UN-Habitat WUF13-ün gələcək təşkilatçıları üçün “Bakı standartları” adlı rəhbəredici sənəd hazırlayacaq.
Qeyd olunub ki, WUF13-ün ilk günündə forumu 21 108 nəfər ziyarət edib. “Urban Expo” sərgisi 35 min kvadratmetr sahəni əhatə edir və burada 85 ölkədən 260 təşkilat 122 stend və pavilyonla təmsil olunur.
Sərgidə akademik qurumlar, vətəndaş cəmiyyəti, startaplar, özəl sektor və dövlət qurumları geniş şəkildə iştirak edir. Azərbaycan pavilyonu isə 1500 kvadratmetr sahədə ölkənin şəhər inkişafı, mədəni irsi və Qarabağ–Şərqi Zəngəzurda aparılan bərpa layihələrini təqdim edir.
A.Quliyev sonda bildirib ki, WUF13 başa çatdıqdan sonra da mühüm irs qoyacaq və gələcək forumlar üçün UN-Habitat ilə birlikdə rəhbəredici sənəd hazırlanacaq.