WUF13-də Azərbaycanın “yaşıl inkişaf” strategiyası açıqlanıb

WUF13-də Azərbaycanın “yaşıl inkişaf” strategiyası açıqlanıb

RƏSMİ
497

Azərbaycan şəhərsalma siyasətində təbiətyönümlü həllərin tətbiqinə üstünlük verilir və urbanizasiya artımı ilə təbiətin qorunması arasında balansın yaradılması dayanıqlı və iqlim dəyişikliklərinə davamlı şəhərlərin formalaşdırılmasında əsas istiqamətlərdən biri kimi müəyyən edilir.

Fins.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “İqlim və mənzil sektoru arasında qarşılıqlı əlaqə” mövzusunda panel sessiyada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu gün şəhərlər iqlim dəyişiklikləri ilə mübarizənin ön xəttində dayanır və dünya əhalisinin təxminən 58 faizi artıq istilik dalğaları, daşqınlar, su qıtlığı və digər iqlim risklərinə daha çox məruz qalan şəhər ərazilərində yaşayır.

Ağakərim Səmədzadə qeyd edib ki, eyni zamanda təbii ekosistemlərə təzyiqin artması şəhərsalma və mənzil siyasətində yeni yanaşmaların tətbiqini zəruri edir. Onun sözlərinə görə, təbiətyönümlü həllər baş planlaşdırmadan və zonalaşdırmadan tutmuş tikinti və idarəetməyə qədər bütün mərhələlərdə əsas element kimi nəzərə alınmalıdır.

Nazir müavini bildirib ki, Azərbaycan artıq bu yanaşmanı şəhərsalma və mənzil siyasətində tətbiq edir və 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası ilə yanaşı, 2030-cu ilədək uzadılmış hədəflər çərçivəsində “yaşıl” və ekoloji inkişafı prioritet istiqamət kimi müəyyənləşdirib.

O əlavə edib ki, ölkədə “yaşıl enerji” zonalarının yaradılması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının inkişafı istiqamətində işlər aparılır. Eyni zamanda azad edilmiş ərazilərdə ekosistemlərin bərpası və yaşıllaşdırma layihələri həyata keçirilir.

Ağakərim Səmədzadə həmçinin Türkiyə ilə əməkdaşlıq çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrində bərpa və yaşıllaşdırma işlərini dəstəkləyəcək yaşıllaşdırma mərkəzinin yaradıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, Bakıda WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş sessiyalarla davam edir. Forum çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu” və digər mövzularda müzakirələr aparılır.

Forum iştirakçıları urbanizasiya proseslərinin sosial inklüzivlik, yaşıl iqtisadiyyat və iqlim dayanıqlılığı prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar. Eyni zamanda təmiz enerji, dayanıqlı nəqliyyat, rəqəmsal texnologiyalar və innovativ şəhər həllərinin rolu geniş müzakirə olunur.

WUF13-ün üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlər, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, yaşıl urbanizasiya və sosial bərabərlik kimi mövzularla yadda qalıb.

Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Eyni zamanda, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” təşkil olunub.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edir və “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunaraq qlobal şəhərsalma əməkdaşlığını gücləndirməyi hədəfləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
WUF13-də Azərbaycanın “yaşıl inkişaf” strategiyası açıqlanıb — Fins.az — Fins.az