
Satınalmaların 60%-i ilin ikinci yarısında həyata keçirilib - Vüqar Gülməmmədov
Fins.az - Hesablama Palatası sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində çıxışı zamanı dövlət satınalmaları ilə bağlı 2025-ci ilin təhlil nəticələrini açıqlayıb.
Onun sözlərinə görə, aparılan təhlillər göstərir ki, satınalmalar il ərzində qeyri-bərabər paylanıb və əsas yük ilin ikinci yarısına düşüb. Xüsusilə III və IV rüblərdə cəmləşmə meyli daha qabarıq olub.
Satınalmaların vaxt bölgüsü
Təxminən 60% satınalma ilin ikinci yarısında həyata keçirilib
IV rübün payı 31,2% təşkil edib
1400-dən çox təşkilatdan 900-dən çoxu (təxminən 64%) satınalma fəaliyyətinə yalnız II rübdən başlayıb
130-a yaxın təşkilat ilk satınalmanı 6-cı ayda, 70-dən çox təşkilat isə 9-cu ayda aparıb
İcra göstəriciləri
Palata sədri bildirib ki, bağlanmış müqavilələrin icrasında da problemlər mövcuddur. Təhlillərə əsasən müqavilələrin təxminən 30%-i tam icra olunmayıb
İslahatlar və qiymətləndirmə
V.Gülməmmədov qeyd edib ki, son illərdə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması və elektron sistemlərin tətbiqi istiqamətində mühüm islahatlar aparılıb. Elektron satınalmaların həcmi artıb və ümumi satınalma mədəniyyətində müsbət dəyişikliklər müşahidə olunur.
Bununla belə, o vurğulayıb ki, yalnız proseslərin rəqəmsallaşdırılması kifayət etmir. Satınalan təşkilatların planlama və icra intizamı da mövcud problemlərin həllində əsas rol oynayır.
Ümumilikdə, Hesablama Palatasının açıqlaması dövlət satınalmalarında planlama və icra balansının hələ də tam formalaşmadığını göstərir.