
Rövşən Nəcəf: Azərbaycan qazı regionun ən etibarlı enerji mənbələrindən biridir
Fins.az - Azərbaycan təbii qazı hazırda regionun ən etibarlı enerji mənbələrindən biri hesab olunur.
Bu fikirləri Rovshan Nəcəf “Bakı Enerji Forumu” çərçivəsində keçirilən “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada səsləndirib.
SOCAR rəhbərinin sözlərinə görə, şirkətin əsas prioriteti region ölkələrinin dayanıqlı və etibarlı enerji təchizatını təmin etmək, eyni zamanda regional enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verməkdir.
“Bu, şirkət olaraq fəaliyyətimizin əsas fəlsəfəsidir və gələcəkdə də dəyişməyəcək. Əsas məqsədimiz enerji təchizatına daha çox töhfə vermək və regionun enerji təhlükəsizliyini daha da möhkəmləndirməkdir”, – deyə o bildirib.
Azərbaycan Suriyaya qaz ixracına başlayıb
Rövşən Nəcəf qeyd edib ki, Azərbaycanın qaz təchizatı coğrafiyası genişlənməkdə davam edir. Əvvəllər əsas ixrac istiqamətləri Avropa, Gürcüstan və Türkiyə olduğu halda, artıq bu siyahıya Suriya da daxil edilib.
“Bu o deməkdir ki, Azərbaycan artıq Suriya bazarına da təbii qaz tədarük edir”, – deyə SOCAR prezidenti vurğulayıb.
Tərəfdaş ölkələr daha çox qaz tələb edir
SOCAR rəhbəri bildirib ki, mövcud geosiyasi və enerji bazarı şəraitində tərəfdaş ölkələrin əlavə qaz həcmlərinə ehtiyacı artır. Bununla yanaşı, təchizatın etibarlılığı və davamlılığı da əsas prioritet olaraq qalır.
Onun sözlərinə görə, hazırda Azərbaycan qazı regionda ən etibarlı enerji resurslarından biri kimi qiymətləndirilir və əsas məqsəd hasilat proqramlarının planlaşdırılmış qrafikə uyğun icrasını təmin etməkdir.
Bu isə gələcəkdə Azərbaycanın tərəfdaş ölkələrə daha çox qaz ixrac etməsinə və regional enerji təhlükəsizliyində rolunun daha da artmasına şərait yaradacaq.