
Qlobal urbanizasiya problemləri kollektiv yanaşma tələb edir - Anaklaudiya Rossbax
Fins.az - BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax WUF13-ün ikinci günü çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransında bildirib ki, forum siyasət dialoqunu, innovasiyaları, bacarıqların inkişafını və siyasi əməkdaşlığı bir araya gətirərək nəticəyönümlü qlobal platforma rolunu oynayır.
O, forum çərçivəsində keçiriləcək nazirlər dialoqunun Yeni Şəhər Gündəliyinin növbəti mərhələsinin formalaşdırılmasına töhfə verəcəyini qeyd edib.
Rossbaxın sözlərinə görə, dünyanın müxtəlif şəhərlərində qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsi, xidmətlərin genişləndirilməsi və iqlim dayanıqlığının gücləndirilməsi istiqamətində praktik həllər artıq tətbiq olunur. O vurğulayıb ki, əsas problem həll yollarının olmaması deyil, onların tətbiq sürəti və miqyasıdır.
UN-Habitat rəhbəri əlavə edib ki, innovasiyaların böyük hissəsi məhz yerli səviyyədə, məhdud resurslar və çətin şəraitdə həyata keçirilir. Onun fikrincə, qlobal məqsədlərə nail olmaq üçün şəhərlərin və icmaların gücləndirilməsi vacibdir.
O həmçinin bildirib ki, müasir urbanizasiya problemlərinin miqyası və mürəkkəbliyi heç bir tərəfin bu çağırışların öhdəsindən təkbaşına gələ bilməyəcəyini göstərir və tərəfdaşlıq bu baxımdan həlledici rol oynayır.
Rossbax qeyd edib ki, WUF13 dialoqdan real fəaliyyətə keçid üçün mühüm platformadır və forumun yekununda qəbul ediləcək “Bakı Fəaliyyətə Çağırışı” inklüziv, dayanıqlı və davamlı şəhərlərin inkişafı üzrə ortaq baxışı və kollektiv öhdəliyi əks etdirəcək.
O, çıxışının sonunda vurğulayıb ki, artıq bilik və həll yolları mövcuddur və əsas məsələ bu imkanların bütün şəhər və icmalar üçün real nəticəyə çevrilməsidir.