
Nga Kor Ming: Mənzil təminatı bu günün ən aktual qlobal problemidir - BMT Assambleyasının Prezidenti
Fins.az - Malayziyanın Mənzil və Yerli Özünüidarəetmə naziri, Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nga Kor Ming Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ikinci günü çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransında çıxış edib.
O bildirib ki, bu həftə ərzində aparılacaq müzakirələr şəhərləri daha inklüziv və dayanıqlı etmək üçün praktik həllərə yönələcək.
Nga Kor Ming qeyd edib ki, sürətli urbanizasiya şəhərləri iqtisadi imkanlar, innovasiya və mədəni mübadilə mərkəzinə çevirməklə yanaşı, eyni zamanda mənzil təminatı, iqlim riskləri, sosial bərabərsizliklər və infrastruktur ehtiyacları kimi ciddi çağırışlar da yaradır.
Onun sözlərinə görə, xüsusilə həssas qruplar üçün əlverişli mənzilə çıxış bu günün ən aktual problemlərindən biridir və bu səbəbdən builki forumun “Housing the World: Safe and Resilient Cities and Communities” mövzusu xüsusi əhəmiyyət daşıyır.
O vurğulayıb ki, texnologiya məlumatı sürətlə yaysa da, icma quruculuğu üçün vacib olan etimad və müdrikliyi əvəz edə bilmir.
UN-Habitat Assambleyasının prezidenti əlavə edib ki, WUF13 dialoqdan real fəaliyyətə keçid üçün mühüm platformadır və Malayziya dayanıqlı şəhər inkişafı istiqamətində beynəlxalq əməkdaşlığa sadiqdir.
O həmçinin Bakı forumunun ölkələr və tərəfdaşlar arasında təcrübə mübadiləsi üçün mühüm imkan yaratdığını qeyd edib.
Nga Kor Ming çıxışının sonunda Azərbaycan atalar sözünə istinad edərək “damla-damla göl olar, axa-axa çay olar” ifadəsinin birgə səylərin və əməkdaşlığın əhəmiyyətini ifadə etdiyini bildirib.