İqlim qaçqınlarının sayı 2050-ci ilə qədər 70 milyona çata bilər - Elşad İsgəndərov

İqlim qaçqınlarının sayı 2050-ci ilə qədər 70 milyona çata bilər - Elşad İsgəndərov

RƏSMİ
428

Dünyanın müxtəlif regionlarında iqlim dəyişikliyinin qaçqın düşərgələrinə təsiri getdikcə daha ciddi xarakter alır və ekstremal hava şəraiti milyonlarla insanın həyatına birbaşa təsir göstərir.

Fins.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən sülhyönümlü iqlim fəaliyyəti mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, dünyanın ən isti 15 qaçqın düşərgəsində insanlar ildə orta hesabla təxminən 200 gün ərzində ekstremal iqlim şəraiti ilə üzləşirlər.

Elşad İsgəndərovun sözlərinə görə, 2050-ci ilə qədər iqlim səbəbli köçkünlərin sayının 70 milyona çatacağı proqnozlaşdırılır və bu göstərici artıq münaqişələr nəticəsində köçkün düşənlərin sayını üstələyir.

O bildirib ki, iqlim dəyişikliyi fonunda köç və humanitar böhranlar yeni miqyas alır və ən az inkişaf etmiş ölkələr bu prosesdən daha çox zərər görür.

Səfir vurğulayıb ki, Azərbaycan COP29 çərçivəsində “Bakı İqlim və Sülh Mərkəzi” təşəbbüsü ilə çıxış edərək iqlim dəyişiklikləri, sülh təşəbbüsləri və maliyyə çatışmazlığı problemini birgə həll etməyi hədəfləyib.

Onun sözlərinə görə, iqlimə ən həssas 27 ölkədən 25-i ən az inkişaf etmiş ölkələrdir və bu ölkələr tələb etdikləri iqlim uyğunlaşma maliyyəsinin təxminən 10 dəfə az hissəsini əldə edirlər. Hesablamalara görə, hər 100 dollar ehtiyac qarşısında cəmi 1 dollar maliyyə ayrılır.

Elşad İsgəndərov həmçinin qeyd edib ki, adambaşına iqlim maliyyəsi göstəriciləri də ciddi fərq yaradır: ən az inkişaf etmiş ölkələrdə bu rəqəm 1,9 dollar olduğu halda, digər ölkələrdə 18 dollara bərabərdir.

Səfir əlavə edib ki, “Bakı İqlim və Sülh Mərkəzi” təşəbbüsü artıq geniş beynəlxalq dəstək qazanıb və Böyük Britaniya, Almaniya, İtaliya, Misir, Uqanda və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr layihəyə qoşulub.

Qeyd edək ki, WUF13 mayın 17–22-də Bakıda keçirilir və şəhərsalma, mənzil təminatı və dayanıqlı inkişaf məsələlərinin müzakirəsi üçün qlobal platforma rolunu oynayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İqlim qaçqınlarının sayı 2050-ci ilə qədər 70 milyona çata bilər - Elşad İsgəndərov — Fins.az — Fins.az