Enerji səmərəliliyi sahəsində yeni xərclər fondun vəsaiti hesabına qarşılanacaq

Enerji səmərəliliyi sahəsində yeni xərclər fondun vəsaiti hesabına qarşılanacaq

RƏSMİ
211

Fins.az – Azərbaycanda Enerji Effektivliyi Fondunun vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin siyahısının genişləndirilməsi təklif olunur.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin dünənki iclasında müzakirə edilən "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Enerji Effektivliyi Fondunun vəsaiti qanunda nəzərdə tutulan tədbirlərlə yanaşı, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun bir sıra əlavə xərclərinin maliyyələşdirilməsinə də yönəldiləcək.

Bunlara enerji effektivliyi informasiya sisteminin tətbiqi, təkmilləşdirilməsi, saxlanılması və altsistemlərinin yaradılması, fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması üçün proqram təminatının əldə edilməsi, həmçinin enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi daxildir.

Qanun layihəsinə görə, bu istiqamətlər üzrə maliyyələşdirmənin yuxarı həddi ayrıca müəyyən ediləcək.

Hazırkı qanunvericiliyə əsasən, Enerji Effektivliyi Fondunun vəsaitlərinin formalaşdırılması və istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən tənzimlənir.

Komitə iclasında bildirilib ki, dəyişikliklərin məqsədi qanunda nəzərdə tutulan Enerji Effektivliyi İnformasiya Sisteminin tətbiqi və saxlanılması, onun altsistemlərinin yaradılması, müvafiq sahədə informasiya təminatı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, eləcə də fondun fəaliyyətinə dair əməliyyatların uçotunun aparılması üçün zəruri proqram təminatının Enerji Effektivliyi Fondunun vəsaiti hesabına maliyyələşdirilməsini təmin etməkdir.

Qeyd olunub ki, bu dəyişikliklər enerji səmərəliliyi sahəsində maarifləndirmə tədbirlərinin davamlı və uzunmüddətli maliyyələşdirilməsi üçün sabit mexanizm yaradacaq, enerjidən səmərəli istifadə vərdişlərinin təşviqinə, əhalinin məlumatlılığının artırılmasına, yeni kommunikasiya alətlərinin tətbiqinə və enerjiyə qənaət mədəniyyətinin formalaşdırılmasına töhfə verəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...