
Dövlət büdcəsindən 6 ayda 154,7 milyon manatdan çox vəsait geri qaytarılıb
Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 154 milyon 659,6 min manat məbləğində vəsait geri qaytarılıb.
Bu barədə Azərbaycanın Maliyyə Nazirliyinin rəsmi internet saytında dərc olunmuş məlumatda bildirilib.
Məlumata görə, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə obyektlərindən aldıqları mallara, mədəniyyət xidmətlərinə (teatr, kino, muzey və konsert), tibbi xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalarda göstərilən xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılmasını əhatə edir.
Bundan başqa, əcnəbilər tərəfindən Azərbaycanda istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına görə ödənilmiş ƏDV də geri qaytarılan vəsaitlər sırasındadır.
Nazirliyin məlumatına əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılan məbləğə daxildir.