Birdəfəlik sığorta ödənişinin maksimum məbləği müəyyənləşdirilir - Milli Məclis

Birdəfəlik sığorta ödənişinin maksimum məbləği müəyyənləşdirilir - Milli Məclis

RƏSMİ
144

Fins.az – İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı birdəfəlik ödənişlərin maksimum məbləğinin müəyyənləşdirilməsi təklif olunur.

Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılan "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan, yaxud paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslər, həmçinin istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər, könüllü fəaliyyətin iştirakçıları olan könüllülər qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda icbari sığorta olunurlar.

Sənədə əsasən, büdcə ili və ya müqavilə ili ərzində sığorta olunanların sayında, kateqoriyalarında, peşə riski dərəcəsində və ya əməkhaqqı fondunda dəyişiklik baş verərsə, sığorta haqqı həmin dəyişikliklərin baş verdiyi tarixdən müvafiq büdcə və ya müqavilə ilinin sonunadək qalan müddətə mütənasib şəkildə yenidən hesablanacaq.

Bununla yanaşı, büdcə ili ərzində yeni sığortalı yarandıqda, həmçinin sığorta haqları yenidən hesablandıqda, hesablanmış məbləğlər əsasın yarandığı tarixdən etibarən 15 iş günü müddətində ödənilməlidir.

Qanun layihəsində, həmçinin nəzərdə tutulur ki, göstərilən kateqoriyalar üzrə birdəfəlik sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verdiyi tarixə ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 1 000 mislindən artıq olmamaqla hesablanacaq.

Dəyişikliklərə əsasən, sığorta vəsaitləri son 24 ay ərzində müvafiq sığortaçıya gecikdirilmiş gəlir faizi ödənişi olmayan banklarda depozitə yerləşdirilməsindən əldə olunan gəlirlər hesabına da formalaşdırılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Birdəfəlik sığorta ödənişinin maksimum məbləği müəyyənləşdirilir - Milli Məclis — Fins.az — Fins.az