
Bakıda TDT hökumət başçılarının görüşü çərçivəsində birgə bəyanat qəbul edilib
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin baş nazirləri və vitse-prezidentlərinin ikinci iclası keçirilib.
Fins.az xəbər verir ki, tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev, Özbəkistanın Baş naziri Abdulla Aripov, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Nökerquli Ataquliyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edib.
Görüş çərçivəsində TDT-yə üzv dövlətlərin hökumət başçılarının birgə bəyanatı qəbul edilib. Baş nazir Əli Əsədov bildirib ki, iclas zamanı əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişafı, nəqliyyat və enerji sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Ə.Əsədov vurğulayıb ki, mövcud qardaşlıq münasibətləri və qarşılıqlı etimad TDT çərçivəsində əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır. Sonda görüşün nəticələrinə dair birgə bəyanat səsverməyə qoyularaq qəbul edilib və bəyanatın mətni diplomatik kanallarla tərəflərlə razılaşdırılıb.
