
Azərbaycan–Slovakiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib - Sahibə Qafarova
Azərbaycan və Slovakiya arasında parlamentlərarası əlaqələrin inkişafı və əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə mətbuata birgə bəyanatında bildirib.
Spiker qeyd edib ki, Azərbaycan və Slovakiya arasında parlamentlərarası münasibətlər ölkələr arasında strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir.
Onun sözlərinə görə, son illərdə iki ölkə arasında əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, Prezidentlərin qarşılıqlı səfərləri isə fəal siyasi dialoqun göstəricisidir.
Bildirilib ki, iqtisadi, ticarət, enerji və müdafiə sənayesi sahələrində artıq uğurlu əməkdaşlıq mövcuddur və digər istiqamətlər üzrə də geniş potensial var.
Sahibə Qafarova vurğulayıb ki, parlamentlər arasında əməkdaşlıq çərçivəsində iki qurum arasında Anlaşma Memorandumu imzalanıb və bu sənəd gələcək əlaqələrin daha da genişlənməsinə töhfə verəcək.
Qeyd edilib ki, memorandum dostluq qrupları, komitələr, beynəlxalq təşkilatlar və parlament aparatları arasında əməkdaşlığı nəzərdə tutur.
Spiker həmçinin Slovakiya nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfər edəcəyini bildirib və Qarabağda aparılan yenidənqurma işlərinin yüksək qiymətləndirildiyini qeyd edib.