Azərbaycanda vençur kapitalı fondlarının hüquqi bazası yaradılır

Azərbaycanda vençur kapitalı fondlarının hüquqi bazası yaradılır

RƏSMİ
134

Fins.az – Azərbaycanda vençur kapitalı fondlarının fəaliyyətini tənzimləyən hüquqi baza formalaşdırılacaq.

Bu, Milli Məclisin dünənki iclasında müzakirə edilən Əmək Məcəlləsinə, Mülki Məcəlləyə, "Valyuta tənzimi haqqında", "Banklar haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Məlumata görə, layihənin əsas məqsədi innovasiya fəaliyyətinin maliyyələşdirilməsində beynəlxalq praktikada geniş istifadə olunan hüquqi və maliyyə alətlərinin milli qanunvericilikdə tanınmasını təmin etməkdir.

Layihəyə əsasən, ilk dəfə olaraq "İnvestisiya fondları haqqında" qanuna vençur kapitalı fondu, peşəkar investor, akkreditə olunmuş investor, azad hesabatlı vençur kapitalı fondu və lisenziyalaşdırılan vençur kapitalı fondu anlayışları əlavə edilir. Bununla vençur fondlarının həm sadələşdirilmiş qeydiyyat, həm də lisenziyalaşdırılan rejimdə fəaliyyət göstərməsi üçün hüquqi əsas yaradılır.

Sənəddə Mülki Məcəlləyə konvertasiya edilən maliyyə alətləri (Convertible Instruments), konvertasiya edilən borc müqaviləsi (Convertible Note) və gələcək iştirak payı haqqında müqavilə (SAFE) ilə bağlı müddəaların əlavə olunması da təklif edilir. Bu mexanizmlər investorların startaplara ilkin mərhələdə vəsait yatırmasına, həmin investisiyanın isə gələcək maliyyələşmə mərhələsində və ya likvidlik hadisəsi baş verdikdə paya və ya səhmə çevrilməsinə imkan verəcək.

Qanun layihəsində korporativ müqavilələr və investorların hüquqlarını qoruyan bir sıra mexanizmlər də öz əksini tapıb. Bunlara birgə satış hüququ (Tag-along right), məcburi satış hüququ (Drag-along right), ilk imtina hüququ, ləğvetmə zamanı üstünlük, pay və ya səhmin dəyərsizləşməsindən müdafiə, qorunan məsələlər, konvertasiya hüququ və fərqli səsvermə hüquqları daxildir.

Layihədə işçilərin pay və səhm iştirakı planı (ESOP) ilə bağlı hüquqi mexanizm də nəzərdə tutulur. Bu sistem startap və texnologiya şirkətlərinə əməkdaşlarını yalnız əməkhaqqı ilə deyil, gələcəkdə şirkətdə pay və ya səhm əldə etmək imkanı ilə də stimullaşdırmağa şərait yaradacaq. Bunun yüksəkixtisaslı kadrların cəlb edilməsi və uzunmüddətli saxlanılmasına töhfə verəcəyi gözlənilir.

Bununla yanaşı, "Valyuta tənzimi haqqında" və "Banklar haqqında" qanunlara rəqəmsal səyyahlar, innovasiya layihələri, vençur kapitalı fondları, akkreditə olunmuş investorlar və rəqəmsal xidmətlərlə bağlı valyuta və bank əməliyyatlarını tənzimləyən yeni müddəalar əlavə edilir. Dəyişikliklərin xarici ödənişlər, investisiyalar, gəlirlərin repatriasiyası və bank xidmətlərinə çıxış zamanı mövcud inzibati maneələrin aradan qaldırılmasına xidmət edəcəyi bildirilir.

Layihənin qəbulundan sonra startapların vençur fondları, "mələk investor" fəaliyyəti, konvertasiya olunan borc alətləri və SAFE mexanizmləri vasitəsilə maliyyələşməyə çıxış imkanlarının genişlənəcəyi, xarici investorlar və yüksəkixtisaslı mütəxəssislər üçün daha əlverişli investisiya mühitinin formalaşacağı, ESOP mexanizminin tətbiqi ilə texnologiya şirkətlərinin istedadlı kadrları cəlb etməsinin asanlaşacağı, investor hüquqlarının qorunmasının və korporativ idarəetmənin güclənəcəyi, həmçinin rəqəmsal xidmətlər üzrə beynəlxalq ödənişlərin sadələşdirilməsi nəticəsində yerli rəqəmsal biznesin qlobal bazarlara inteqrasiyasının sürətlənəcəyi gözlənilir.

Ümumilikdə, dəyişikliklərin Azərbaycanın innovasiya və vençur ekosistemini beynəlxalq standartlara yaxınlaşdıracağı, özəl investisiyaların həcmini artıracağı, yeni vençur fondlarının yaradılmasına təkan verəcəyi və ölkənin regional innovasiya mərkəzi kimi cəlbediciliyini yüksəldəcəyi proqnozlaşdırılır.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda vençur kapitalı fondlarının hüquqi bazası yaradılır — Fins.az — Fins.az