
Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri açıqlanıb
2026-cı ilin birinci rübü üzrə Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri 1 milyard 288,5 milyon manat məbləğində icra edilib.
Fins.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 36,5% və ya 739,4 milyon manat azalma deməkdir.
Məlumata əsasən, hesabat dövründə sosial müdafiə və sosial təminat xərcləri 1 milyard 315,8 milyon manat, kənd təsərrüfatı xərcləri 308,7 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 1 milyard 206,8 milyon manat, təhsil xərcləri 1 milyard 13,7 milyon manat, məhkəmə hakimiyyəti və hüquq-mühafizə xərcləri 654,8 milyon manat, səhiyyə xərcləri isə 366,6 milyon manat təşkil edib.
Eyni zamanda, iqtisadi fəaliyyət xərcləri 1 milyard 231,4 milyon manat, mədəniyyət və digər sahələr üzrə xərclər 105 milyon manat, mənzil-kommunal təsərrüfatı 47,5 milyon manat, ətraf mühitin mühafizəsi 55,1 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər isə 223,2 milyon manat olub.
Ümumilikdə, 2026-cı ilin I rübündə dövlət büdcəsinin xərcləri 7 milyard 817,1 milyon manat təşkil edib və bu, illik planın 18,7%-nə bərabər olub.
Xərclərin 73,7%-i cari xərclərə, 19,6%-i əsaslı xərclərə, 6,7%-i isə dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilib.
Eyni zamanda, xərclərin 54,1%-i və ya 4 milyard 227,8 milyon manatı sosialyönlü istiqamətlərə sərf olunub.