Azərbaycan 110-dan çox yaşayış məntəqəsinin baş planını təsdiqləyib

Azərbaycan 110-dan çox yaşayış məntəqəsinin baş planını təsdiqləyib

RƏSMİ
301

Azərbaycan üçün WUF13-ə ev sahibliyi milli transformasiya gündəliyinin mühüm göstəricisi kimi qiymətləndirilir.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mətbuat konfransında çıxışı zamanı bildirib.

A.Quliyev qeyd edib ki, ölkə üzrə genişmiqyaslı şəhər yenilənməsi həyata keçirilir, şəhərlər modernləşdirilir, yaşıl infrastruktur genişləndirilir, mənzil təminatı yaxşılaşdırılır, iqlim dayanıqlılığı gücləndirilir və daha ağıllı, inklüziv icmalar formalaşdırılır.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə dünyanın ən genişmiqyaslı yenidənqurma layihələrindən biri icra olunur.

“Şəhər və kəndlər dayanıqlılıq, ağıllı planlaşdırma və insan ləyaqəti prinsipləri əsasında yenidən qurulur. Azərbaycan öz maliyyə resursları hesabına Böyük Qayıdış proqramı çərçivəsində 12 şəhər və 300-dən çox kəndi sıfırdan inşa edir və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin edir. Hazırda 110-a yaxın şəhər, qəsəbə və kənd üzrə baş planlar təsdiqlənib, digərləri üzrə isə hazırlıq prosesi davam edir”, – deyə o bildirib.

Qeyd edək ki, Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən WUF13-ün sonuncu günü keçirilir.

Forumun yekun günündə proqram yerli xalqların və qadınların şəhər inkişafındakı roluna həsr olunmuş dəyirmi masalarla başlayıb, daha sonra rəsmi bağlanış tədbirləri ilə davam edəcək.

Günün ikinci yarısında WUF13-ün rəsmi bağlanış mərasimi keçiriləcək, yekun mətbuat konfransı baş tutacaq və forumun nəticələri açıqlanacaq. Daha sonra WUF14-ə ev sahibliyi edəcək şəhərə rəmzi estafet təqdim olunacaq və WUF13 bayrağının endirilməsi mərasimi təşkil ediləcək.

Forumun əvvəlki günlərində qlobal mənzil böhranı, inklüziv şəhərsalma, iqlim dəyişikliklərinə adaptasiya, süni intellektin şəhər idarəçiliyində rolu, yaşıl urbanizasiya və sosial bərabərlik kimi mövzular müzakirə olunub.

Dördüncü gün çərçivəsində keçirilən SPECA Şəhərlər Forumunda Almatı şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumu” təşəbbüsünə qoşulduğu elan edilib.

Üçüncü gün isə Şuşa şəhəri ilə Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Aydın Kərimov və Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə yüksək səviyyəli nazirlər toplantısı, Liderlər Sammiti, vətəndaş cəmiyyəti və biznes sessiyaları, eləcə də şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı müzakirələr keçirilib. Eyni zamanda Mexico City pavilyonu açılıb.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusu altında mayın 22-də yekunlaşıb və qlobal şəhərsalma gündəliyinə töhfə verib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan 110-dan çox yaşayış məntəqəsinin baş planını təsdiqləyib — Fins.az — Fins.az