ARDNF dövlət büdcəsinə 173,6 milyard manatdan çox vəsait transfert edib

ARDNF dövlət büdcəsinə 173,6 milyard manatdan çox vəsait transfert edib

RƏSMİ
336

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2026-cı ilin 31 mart tarixinə qədər ümumilikdə 173,623 milyard manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.

Fins.az Fondun məlumatına əsasən xəbər verir ki, yalnız 2026-cı ilin yanvar-mart aylarında ARDNF-nin büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 3 milyard 210 milyon manat vəsait yönəldilib. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 410,3 milyon manat və ya 11,3% azalma deməkdir.

Məlumata əsasən, ARDNF-nin aktivləri 2026-cı ilin əvvəlinə 73 milyard 541,5 milyon ABŞ dolları (125 milyard 20,5 milyon manat) təşkil edib. 2026-cı il martın 31-nə olan vəziyyətə isə Fondun aktivləri 73 milyard 515,9 milyon ABŞ dolları (124 milyard 976,9 milyon manat) səviyyəsində qeydə alınıb.

Hesabat dövründə Fondun ümumi gəlirləri 3 milyard 180 milyon manat təşkil edib. Bu məbləğin 1 milyard 803,1 milyon manatı neft-qaz gəlirlərinin payına düşüb. Eyni zamanda, vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan gəlirlər 1 milyard 376,8 milyon manat olub.

Qeyd olunur ki, qızıl qiymətlərinin dəyişməsi və valyuta məzənnələrindəki fərqlər nəticəsində formalaşan büdcədənkənar gəlirlər 2 milyard 117,9 milyon manat təşkil edib. Bununla yanaşı, investisiya portfelinin bazar dəyərindəki dəyişiklik fonunda investisiya gəlirləri üzrə 741,1 milyon manat həcmində azalma qeydə alınıb.

Hesabat dövründə ARDNF-nin büdcə xərcləri 3 milyard 223,5 milyon manat təşkil edib.

Qeyd edək ki, Dövlət Neft Fondu 29 dekabr 1999-cu ildə təsis edilib və neft-qaz gəlirlərinin toplanması, səmərəli idarə olunması və gələcək nəsillər üçün qorunmasını təmin edən xüsusi dövlət qurumudur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ARDNF dövlət büdcəsinə 173,6 milyard manatdan çox vəsait transfert edib — Fins.az — Fins.az