
Yaponiyalı ekspert: “Azərbaycan xalçaları regionlara görə fərqlənən unikal naxışlara malikdir” - MÜSAHİBƏ
Azərbaycan xalçaları yalnız dekorativ-tətbiqi sənət nümunəsi deyil, həm də ölkənin zəngin tarixi, estetik dünyagörüşü və milli kimliyini əks etdirən mühüm mədəni irs daşıyıcısıdır. Özünəməxsus ornamentləri, rəng harmoniyası və regional üslub müxtəlifliyi ilə seçilən Azərbaycan xalçaları bu gün dünya incəsənət məkanında da xüsusi maraq doğurur. Bu sənət nümunələrinin beynəlxalq bazarlarda, xüsusilə də Asiya ölkələrində tanıdılması isə həm mədəni diplomatiya, həm də yaradıcı sənaye baxımından mühüm perspektivlər vəd edir.
Fins.az bu mövzu ilə bağlı Yaponiyadan olan sənət konsultantı və kurator, “SOAC Art Consultancy- Curation” şirkətinin təsisçisi Sumiyo Okumura ilə həmsöhbət olub. O, Azərbaycan xalçalarının bədii xüsusiyyətləri, Yaponiyada və digər Asiya ölkələrində tanıdılması imkanları, eləcə də xalçaların mədəni təqdimat vasitəsi kimi rolu barədə fikirlərini bölüşüb.
-Yaponiyada xalça sənəti haqqında nə deyə bilərsiniz?
-Yaponiyada 17-ci əsrdən bəri xalça toxunması mövcuddur, lakin bu fakt dünyada çox tanınmır. Bu məlumatın paylaşılması mühüm əhəmiyyət daşıyır. Kiçik miqyasda olsa da, Yaponiyada bu ənənə hələ də davam edir və biz bu sənətə hörmətlə yanaşmalıyıq.
-Xalçaların müasir Yapon interyerlərinə inteqrasiyası barədə fikriniz nədir?
-Xalçalar Yaponiyanın minimalist evlərinə və incəsənət məkanlarına istilik və dərinlik qata bilər. Onlar yalnız dekorativ element deyil, həm də emosional zənginlik yaradan incəsənət nümunəsidir.
-Keyfiyyətli xalça necə olmalıdır?
-Yaxşı bir xalça yüksək keyfiyyətli materiallardan hazırlanmalı və təbii boyalardan istifadə edilməlidir. Əl toxuması olması onun dəyərini daha da artırır.
-Azərbaycan xalçalarının xüsusiyyəti nədədir?
- Azərbaycan xalçaları regionlara görə fərqlənən unikal naxışlara malikdir. Onlar çox dinamik və təsirli dizaynları ilə seçilir və izləyən hər kəsi heyran edir. Bu xalçalar kolleksiyaçılar və muzeylər üçün çox dəyərlidir.
-Azərbaycan xalçalarının beynəlxalq tanıdılması barədə nə düşünürsünüz?
-Yaponiyada bu sahədə məhdud imkanlar olsa da, Azərbaycan xalçaları ölkəni tanıtmaq üçün çox vacib rol oynaya bilər. Onların böyük məkanlarda sərgilənməsi effektiv ola bilər. Məncə, Çin, Sinqapur və Honq Konq kimi ölkələrdə daha böyük potensial var. Amma bunun üçün yalnız səfirlik deyil, həm də dövlət qurumlarının birgə PR fəaliyyəti vacibdir.
-Bakı Beynəlxalq Xalça Festivalı haqqında nə düşünürsünüz?
-Bakı Beynəlxalq Xalça Festivalı çox böyük və təsirli bir tədbir olacaq. Azərbaycanın xalçaları milli mədəniyyət və kimliyin bir hissəsi kimi nə qədər yüksək qiymətləndirildiyini görmək məni çox heyrətləndirdi. Bu festivalın bir parçası olmaq mənim üçün böyük şərəfdir və gələcək tədbirləri səbirsizliklə gözləyirəm.