“Tarixi sənət iqtisadi resursa çevrilir”- Bakı festivalı qlobal yaradıcı sənaye xəritəsində - MÜSAHİBƏ

“Tarixi sənət iqtisadi resursa çevrilir”- Bakı festivalı qlobal yaradıcı sənaye xəritəsində - MÜSAHİBƏ

MÜSAHİBƏ
695

Qlobal mədəniyyət və yaradıcı sənaye bazarında ənənəvi sənətlər artıq yalnız irs nümunəsi kimi deyil, həm də yüksək iqtisadi dəyərə malik resurs kimi çıxış edir. Məhz bu baxımdan Bakı Beynəlxalq Xalça Festivalı mədəni irslə biznesin kəsişdiyi strateji platforma kimi ön plana çıxır.

Festival təkcə xalçaçılığın estetik və tarixi dəyərini təqdim etmir, eyni zamanda onun brendləşmə, ixrac potensialı və turizm gəlirləri baxımından yaratdığı imkanları da gündəmə gətirir. Bu prosesdə sənətkarlar, istehsalçılar, investorlar və mədəniyyət institutları bir araya gələrək ənənəvi sənətin müasir iqtisadi dəyərə çevrilməsi istiqamətində yeni əməkdaşlıq modelləri formalaşdırırlar.

Bu kontekstdə Fins.az olaraq Parisdə yerləşən Beynəlxalq Muzeylər Şurasının (ICOM) vitse-prezidenti, BƏƏ-nin Şarja şəhərində fəaliyyət göstərən ICCROM Regional Mərkəzinin nümayəndəsi Nasir Al Darmaki ilə məhz xalça sənətinin qlobal brendə çevrilməsi, muzeylərin bu prosesdə rolu və “xalça diplomatiyası”nın yaratdığı yeni iqtisadi və mədəni imkanlar barədə müzakirələr apardıq.

Nasir Al Darmaki kurasiya, muzey strategiyası və mədəni irsin idarə olunması sahələrində 20 illik təcrübəyə malikdir. O, karyerasına Şarja Muzeylər İdarəsində (SMA) başlayıb və təxminən on il ərzində Şarja Arxeologiya Muzeyində kurator vəzifəsində çalışıb.

Hazırda Nasir Şarjada yerləşən ICCROM Regional Mərkəzinin (Mədəni Dəyərlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz) direktor müavini vəzifəsində çalışır. Bu vəzifədə o, ərəb ölkələri üzrə mədəni irsin qorunması və idarə olunmasına yönəlmiş bütün peşəkar inkişaf kurslarına və yerində həyata keçirilən layihələrə nəzarət edir. Onun fəaliyyəti münaqişə zonalarında mədəni irsin qorunması üzrə səylərin əlaqələndirilməsini, həmin regionların zəngin tarixinin, incəsənətinin, muzeylərinin və mədəni kimliyinin gələcək nəsillərə ötürülməsini əhatə edir.

-Bakıda artıq 3-cü dəfədir ki təşkil olunan Beynəlxalq Xalça Festivalını necə təsəvvür edirsiniz? Gözləntiləriniz nədir?

-Bakı tarixə bu günün bir parçası kimi baxmağı bacaran nadir şəhərlərdən biridir və məhz buna görə bu festival üçün doğru məkandır. Mən burada canlı və enerjili bir mühit gözləyirəm ki, ənənəvi sənətlərin -məsələn, xalçaçılığın bu gün də necə актуallığını qoruduğunu dərindən müzakirə edə bilək. Bu, sadəcə bir görüş deyil; mədəni irsə dəyər verən hər kəs üçün qlobal bir körpüdür.

-Siz bu festivalda həm Azərbaycan tamaşaçasına, həm də şəhərimizin qonaqlarına hansı mövzuda müraciət edəcəksiniz?

-Əsas vurğulamaq istədiyim odur ki, xalçalar universal bir dildir. Onlar haradan olmasından asılı olmayaraq hər kəsin anlaya biləcəyi hekayələr danışır. Bu sənətləri qeyd etməklə biz yalnız keçmişə baxmırıq — eyni zamanda göstəririk ki, bu ənənələr gələcəyimizin canlı və yaradıcı bir hissəsidir.

- Muzeylər xalçanı yalnız keçmişin qalığı kimi deyil, müasir və nüfuzlu bir qlobal brend kimi necə təqdim edə bilər?

-“Relikt”dən “qlobal brend”ə keçid: Biz xalçalara şüşə arxasında saxlanılan, dəyişməz eksponatlar kimi yanaşmağı dayandırmalıyıq. Muzeylər bu sənətin arxasındakı ustalığı, davamlılığı və yüksək peşəkarlığı izah etdikdə, xalça artıq “relikt” kimi deyil, mədəni kimliyin yüksək səviyyəli simvolu kimi qəbul olunur. Söhbət insanlara bunun canlı bir incəsənət olduğunu göstərməkdən gedir.

-Şarja muzeylərinin bu sahədəki təcrübəsi Azərbaycanın xalça brendinqi üçün hansı dərsləri vəd edir?

-Mənim gördüyüm və ən yaxşı nəticə verən bir dərs varsa, o da hekayə anlatma gücüdür. Brend uğur qazanır o zaman ki, irs insanlarla və cəmiyyətlə əlaqələndirilir. Muzey təcrübələrini konkret regional texnikaları önə çıxaracaq şəkildə qurmaqla siz dünyada insanların tanıya və hörmət edə biləcəyi “kimlik brendi” yaradırsınız.

-Siz muzeyləri 'katalizator' adlandırırsınız. Muzey ziyarətçisinin gördüyü eksponatın onun yerli xalça bazarında alıcıya çevrilməsinə təsiri hansı mexanizmlərlə baş verir?

-Muzey ziyarəti emosional bir təcrübə olmalıdır. Ziyarətçi toxunuşun mürəkkəbliyini və “ruhunu” öyrəndikdə, o artıq sadəcə turist olmur, bir heyranlıq hiss edən insana çevrilir. Bu baxış dəyişimi isə ziyarətçini alıcıya çevirir; o, muzeydən çıxarkən həmin autentik irsin bir parçasını özü ilə aparmaq istəyir. 

-Muzeylər vasitəsilə ölkələr arasında “Xalça Diplomatiyası” qurmaq mümkündürmü? Azərbaycan və BƏƏ muzeyləri arasında xalça kolleksiyalarının mübadiləsi bu sənətin qlobal dəyərini necə artıra bilər?

 -Mən bu fikrə ürəkdən inanıram. Xalçalar hər zaman sülhün və nüfuzun simvolları olub. Əgər Azərbaycan və BƏƏ muzeyləri arasında kolleksiyalar mübadiləsi həyata keçirə bilsək, biz sadəcə əşyaları paylaşmırıq -biz dəyərlərimizi bölüşür və mədəniyyətlərimiz arasında daha dərin bir əlaqə qururuq. Bu, dünyaya bu sənətə nə qədər hörmət etdiyimizi və onu nə qədər yüksək qiymətləndirdiyimizi göstərmək üçün güclü bir yoldur. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...