“Sahibkarların vergi yükünü düzgün planlama ilə azaldırıq”-MÜSAHİBƏ

“Sahibkarların vergi yükünü düzgün planlama ilə azaldırıq”-MÜSAHİBƏ

MÜSAHİBƏ
1,254

Azərbaycanda vergi və konsaltinq xidmətləri bazarında fəaliyyət göstərən şirkətlər arasında kompleks və sistemli yanaşma ilə seçilən “I10 Tax and Consulting Company” MMC sahibkarlara vergi, mühasibatlıq və hüquqi sahədə peşəkar dəstək göstərir. Fins.az olaraq şirkətin təsisçi direktoru Aytən Quliyeva ilə həm fəaliyyət istiqamətləri, həm də biznes mühitində mövcud çağırışlar barədə danışdıq.

 – Şirkətiniz əsasən hansı müştərilərlə çalışır?

-Müştəri bazamız əsasən xarici ölkə vətəndaşları və iş adamlarından formalaşır. Xüsusilə Türkiyə, Rusiya və Özbəkistandan olan şirkətlərin Azərbaycanda nümayəndəlik və ya Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaratması prosesini təşkil edirik.

Daha çox hansı sahələr üzrə fəaliyyət göstərən şirkətlərlə işləyirsiniz?

Əsasən qida (yeyinti) və tikinti sektorunda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edirik.

Rəqabətdə üstün tərəfləriniz nələrdir?

Üstün tərəfimiz çoxşaxəli və kompleks xidmət göstərməyimiz, operativliyimiz və peşəkarlığımızdır. Yaranan problemlərə dərhal müdaxilə edir, çevik həll yolları təqdim edirik və 7/24 müştərilərimizin xidmətindəyik.

Qiymətlər təqdim olunan xidmətlərə görə dəyişir. Həm aylıq, həm də birdəfəlik xidmət paketlərimiz mövcuddur.

Müştərilərdə ən çox rast gəlinən problemlər hansılardır?

-Ən çox rast gəlinən hallar xərclərin rəsmi sənədləşdirilməməsidir. Bu isə illik mənfəət və gəlir hesabatlarında xərclərin az görünməsinə və nəticədə vergi öhdəliyinin artmasına səbəb olur.

Biz uyğun xərclərin rəsmiləşdirilməsini təmin etməklə vergi yükünün azaldılmasına kömək edir və gələcəkdə bu halların təkrarlanmaması üçün mütəmadi konsultasiyalar veririk.

Yeni yaradılan şirkətlərlə işləyərkən vəziyyət necə olur?

-Əgər müştəri ilk mərhələdən bizimlə əməkdaşlığa başlayırsa, bu kimi problemlər demək olar ki, yaranmır. Çünki bütün proseslərə nəzarət edilir və sahibkarlar əvvəlcədən düzgün istiqamətləndirilir.

Vergi və dövlət orqanları ilə bağlı hansı çətinliklər mövcuddur?

-Şirkət idarəetməsi sistemli qurulduqda, hesabatlar vaxtında təqdim edildikdə və rəsmi məktublar operativ cavablandırıldıqda mübahisələr minimuma enir.

Lakin kameraların (kameral yoxlamaların) baxılma müddətinin uzun olması bəzən şirkət fəaliyyətinə mənfi təsir göstərir. Biz bu məsələni müvafiq görüşlərdə qaldırır və alternativ həll yollarının tapılmasını təklif edirik.

Maliyyə risklərinin azaldılması üçün hansı addımları atırsınız?

Müştərilərlə mütəmadi görüşlər keçirir, yeni qanunvericilik dəyişiklikləri barədə məlumat veririk. Hər 3 aydan bir maliyyə analizləri aparılır və hesabatlar təqdim olunur.

Rəqəmsal proqramlardan istifadə edirsinizmi?

Bəli. Müştərinin istəyinə uyğun olaraq 1C, Logo və digər mühasibatlıq və anbar proqramlarından istifadə edilir. Biz uçotu həmin sistemlər üzərindən aparırıq.

Şəffaflığın biznesə təsiri barədə nə düşünürsünüz?

Şəffaflıq artıq müasir dövrün əsas tələblərindən biridir. İkili mühasibatlıq köhnə dövrlərdə qalıb. Sahibkarlar beynəlxalq standartlara uyğun metodlarla işləməyə üstünlük verirlər ki, bu da biznes mühitinin sağlam inkişafına müsbət təsir göstərir.

İctimai fəaliyyətiniz barədə məlumat verərdiniz.

-Bu yaxınlarda ASK tərəfindən yaradılmış “İdxal-ixrac fəaliyyəti sahəsində sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin müəyyənləşdirilməsi və təkliflərin hazırlanması üzrə Koordinasiya Qrupu”na üzv seçilmişəm.

Təqdim etdiyimiz 15 təklifin hamısı qəbul olunub və artıq bir neçəsinin icrası istiqamətində işlər aparılır. Bu prosesdə az da olsa töhfəmizin olması bizi sevindirir.

Sahibkarlar üçün rüsumlarla bağlı fikriniz nədir?

Təbii ki, hər bir sahibkar rüsumların daha aşağı olmasını istərdi ki, satış marjası daha optimal olsun və bazara daha münasib qiymətə məhsul təqdim edə bilsin. Lakin hazırda bu tam mümkün deyil.

Gələcək planlarınız nələrdir?

Regionlarda maarifləndirici təlimlərin təşkili, kənd təsərrüfatı üzrə sahibkarlığın təşviqi və dövlət proqramları barədə məlumatlandırma işlərini genişləndirməyi planlaşdırırıq.

Eyni zamanda, qarşıdakı 5 il ərzində xidmətlərimizi yalnız ölkə daxilində deyil, xaricdə də təqdim etməyi hədəfləyirik.

PR fəaliyyətiniz hansı istiqamətdə qurulub?

Artıq 4 ildir AQSİA qadın platformasının üzvüyük. Müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak edirik. İdxal-ixrac məsələləri üzrə koordinasiya qrupunda təmsil olunmuşuq və sahibkarların gömrük sahəsində problemlərinin qismən həllinə dəstək olmuşuq.

Şirkətimizin rəsmi saytı da fəaliyyət göstərir: www.i10consulting.com.az

Aynur Bayramova

Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Sahibkarların vergi yükünü düzgün planlama ilə azaldırıq”-MÜSAHİBƏ — Fins.az — Fins.az