Bu sahədə kadr qıtlığı: milyonlar xarici mütəxəssislərə xərclənir - Emin Əliyev - MÜSAHİBƏ

Bu sahədə kadr qıtlığı: milyonlar xarici mütəxəssislərə xərclənir - Emin Əliyev - MÜSAHİBƏ

MÜSAHİBƏ
1,455

Fins.az Azərbaycanda aqrar sektorda kadr problemi ilə bağlı sahə üzrə “Azərbaycan Menecment və İnvestisiya Korporasiyası” QSC-nin İdarə heyətinin sədri, Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədr müavini Emin Əliyevlə həmsöhbət olub. Müsahibədə qeyd olunub ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən biri hesab edilsə də, bu sahədə ixtisaslı kadr çatışmazlığı uzun illərdir öz aktuallığını qoruyur. Bildirilib ki, son dövrlərdə müəyyən təşəbbüslər həyata keçirilsə də, aqrar təhsil və kadr hazırlığı sahəsində ciddi və sistemli inkişaf hələ də müşahidə olunmur.

-Azərbaycanda aqrar sektorda kadr problemi niyə uzun illərdir həll olunmur?

-Azərbaycanda aqrar sektorda kadr məsələsi uzun illərdir ki, aktual problem olaraq qalmaqdadır. Təəssüf ki, bu sahədə ciddi və sistemli inkişaf müşahidə olunmur. Mövcud dəyişikliklər isə daha çox epizodik xarakter daşıyır və ümumi mənzərəni köklü şəkildə dəyişmir.

Ən böyük problemlərdən biri aqrar sektorun yalnız məhdud ixtisaslarla assosiasiya olunmasıdır. Cəmiyyət arasında aqrar sahə dedikdə əsasən aqronomlar, baytarlar və zootexniklər nəzərdə tutulur. Halbuki müasir kənd təsərrüfatı artıq yüksək dərəcədə ixtisaslaşmış sahəyə çevrilib. Bu gün suvarma mühəndisliyi, torpaq elmləri, aqrotexnologiyalar, aqrar menecment kimi çoxsaylı ixtisas istiqamətləri mövcuddur. Lakin Azərbaycan bu ixtisaslaşma tempinə uyğunlaşmaqda çətinlik çəkir.

 – Təhsil sistemi bu sahədə hansı boşluqları yaradır?

Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafı üçün ən azı baytar, zootexnik və aqronom ixtisaslarında yüksək səviyyəli kadrlar yetişdirilməlidir. Ölkədə aqrar sahə üzrə kadr hazırlığı həyata keçirilir. Xüsusilə Azərbaycan Dövlət Aqrar Universiteti və bəzi digər ali təhsil müəssisələri bu sahədə mütəxəssislər yetişdirir. Lakin əsas problem bu kadrların keyfiyyətindədir. Mövcud təhsil sistemi müasir tələblərə cavab verən yüksək ixtisaslı mütəxəssis hazırlamaq baxımından bir o qədər yetərli deyil. Bunun əsas səbəblərindən biri qəbul ballarının aşağı olmasıdır. Aqronomiya, baytarlıq və zootexniklik kimi ixtisaslara qəbul üçün minimal balın aşağı səviyyədə olması nəticəsində bu sahəyə akademik hazırlıq səviyyəsi zəif olan abituriyentlər daxil olur. 700 ballıq qəbul sistemini "5" ballıq qiymətləndirmə şkalasına uyğunlaşdırsaq, təxminən 150 bal “1” qiymətinə bərabər hesab olunur. Bu isə o deməkdir ki, ən aşağı nəticə göstərən abituriyentlər belə aqrar ixtisaslara qəbul ola bilirlər. Bu isə gələcəkdə yüksək peşəkar kadrların yetişmə ehtimalını əhəmiyyətli dərəcədə azaldır. Kənd təsərrüfatı sektorunda yüksək ixtisaslı kadrlar adətən digər ixtisaslardan seçilirlər. Azərbaycan Dövlət İqtisad Universitetinin müxtəlif fakültələrini bitirən məzunlar arasında hətta baytar ixtisasına yönələnlər də olur. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirənlər arasında yüksək ixtisaslı aqrar sektor idarəçiləri yetişir. Dünyada ümumi menecmentdən ayrı, aqro menecment ixtisasi var. Yüksək ixtisaslı kadrlar bu sahəyə cəlb edilirlər. Azərbaycanda əfsus ki, bu sektor axsayır. Digər mühüm problem isə məzunların ixtisas üzrə işləməməsidir. Xüsusilə qadın məzunlar müxtəlif sosial səbəblərdən aqrar sektorda fəaliyyət göstərmirlər. Aqrar sahənin fiziki baxımdan çətin və ağır olması, eləcə də cəmiyyətin stereotipləri onların bu sahədən uzaqlaşmasına səbəb olur. Nəticədə, ixtisaslı qadın kadr potensialı faktiki olaraq itirilir. Nəticədə, ixtisaslı qadın kadr potensialı faktiki olaraq itirilir. Əksər hallarda isə bu ixtisasa yalnız “diplomum olsun” düşüncəsi ilə, sanki cehizə əlavə edilən bir vasitə kimi yanaşılır.

Kişi məzunlar arasında da oxşar vəziyyət müşahidə olunur. Bir çox hallarda onlar ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkir və ya ümumiyyətlə bu sahədə çalışmaq istəmirlər. Nəticədə xidmət sektoruna yönəlir və ya fərqli sahələrdə işləyirlər. Yalnız bu sahəyə həqiqi marağı və motivasiyası olan az sayda mütəxəssis aqrar sektorda qalaraq uğur qazana bilir.

Bu problemlərin nəticəsi olaraq Azərbaycanda aqrar sektorda ciddi kadr çatışmazlığı yaranıb. Böyük və orta təsərrüfat sahibləri bu boşluğu doldurmaq üçün xarici mütəxəssislərə müraciət edirlər. Bu mütəxəssislər əsasən Türkiyə, İran, Ukrayna və Baltikyanı ölkələrdən cəlb olunur və yüksək maaşlarla işləyirlər. Məsələn, bəzi təsərrüfatlarda xarici konsultantlara gündəlik 1500 avro ödəniş edilir. Onların yaşayış, nəqliyyat və digər xərcləri də şirkətlər tərəfindən qarşılanır. Hesablasaq, ildə 10-15 milyon manat vəsait sadəcə olaraq aqrar sahə üzrə məsləhətçilərə verilir və ölkədən çıxarılır.

– Gənclərin bu sahəyə yönəlməsi üçün hansı addımlar atılmalıdır?

-Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şura bu istiqamətdə əsas prioritetlərdən biri kimi kadr hazırlığını müəyyən edib. Şura yaxın günlərdə aqrar sahədə maarifləndirici tədbirlərin genişləndirilməsinə başlayacaq. Bu çərçivədə Gəncədə Azərbaycan Dövlət Aqrar Universiteti rəhbərliyi, o cümlədən tələbələrlə görüşün keçirilməsi planlaşdırılır. Görüşün əsas məqsədi tələbələrə aqrar sektorun real ehtiyaclarını, əmək bazarındakı vəziyyəti və bu sahənin gələcək inkişaf perspektivlərini daha aydın şəkildə izah etməkdir.

Eyni zamanda, gənclərin bu sahəyə marağının artırılması üçün yalnız maarifləndirmə kifayət etmir. Hazırda aqrar universitetlərə qəbul olunan tələbələrə müəyyən maddi dəstək və təqaüdlərin verilməsi müsbət addım olsa da, bu, təkbaşına yetərli deyil. Daha sistemli motivasiya mexanizmlərinin tətbiqi zəruridir.

Bu baxımdan, ən vacib məsələlərdən biri məzunların əmək bazarına birbaşa inteqrasiyasının təmin edilməsidir. Yəni aqrar ixtisasları bitirən gənclər yalnız diplomla deyil, real iş təcrübəsi ilə də təmin olunmalıdır. Məsələn, məzunların aqronom köməkçisi, baytar köməkçisi və digər ilkin peşə vəzifələrində işə başlaması üçün mexanizmlər yaradılmalıdır. Bu yanaşma onların həm peşə bacarıqlarını inkişaf etdirər, həm də sektorda qalıcı şəkildə formalaşmasına şərait yaradar.

Bunun həyata keçirilməsi üçün iri kənd təsərrüfatı müəssisələri, aqroholdinqlər və fermer təsərrüfatları ilə sıx əməkdaşlıq vacibdir. Dövlət və özəl sektor arasında koordinasiya qurularaq, məzunların təcrübə proqramlarına və ilkin iş yerlərinə yönləndirilməsi təmin edilməlidir. Beləliklə, gənclər əmək bazarına daxil olmaqda çətinlik yaşamaz və sahəni tərk etmə ehtimalı azalır.

Aqrar sektorda kadr probleminin həlli yalnız təhsil sistemi ilə məhdudlaşmır. Bu, həm sosial dəstək, həm iqtisadi stimullar, həm də institusional əməkdaşlığı əhatə edən kompleks yanaşma tələb edir. Düzgün və sistemli addımların atılması ölkədə kənd təsərrüfatının dayanıqlı inkişafına, yerli kadr potensialının güclənməsinə və xarici mütəxəssislərdən asılılığın əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu sahədə kadr qıtlığı: milyonlar xarici mütəxəssislərə xərclənir - Emin Əliyev - MÜSAHİBƏ — Fins.az — Fins.az