
Sadəcə 440 manatla yerli çay brendi yaratdı-İndi isə hər kəs tanıyır - MÜSAHİBƏ
Fins.az Azərbaycanın yerli çay brendlərindən olan Masuma’s Tea-nin yaradıcısı Məsumə Məmmədovadan brendin yaranma hekayəsi, çayların tərkibi və gələcək planları haqqında müsahibə alıb.
Müsahibəni təqdim edirik.
-Brendiniz necə yarandı və “Masuma’s Tea” adının arxasında hansı hekayə dayanır?
-Uşaqlıqdan bitkilərə böyük marağım olub. Həyətdə, çəməndə və meşədə oynayarkən gördüyüm hər bitkinin xüsusiyyətlərini öyrənməyə çalışırdım. Zaman keçdikcə bu maraq daha da artdı – müxtəlif kitablar oxudum, internetdə araşdırmalar etdim və bitkilərin faydalarını öyrənərək özüm üçün mədə qoruyucu çay qarışıqları hazırlamağa başladım.
Çay dəmləmək və onu yaxınlarıma, qonaqlarıma təqdim etmək mənim üçün həmişə xüsusi bir zövq olub. Çay mənim üçün yalnız bir içki deyil, həm də rahatlıq və terapiya vasitəsidir.
Bir gün yaxın rəfiqələrimdən biri mənə dedi ki, hazırladığım çayları mütləq brendləşdirməli və daha çox insanla paylaşmalıyam. Məhz həmin gündən Masuma’s Tea ideyası yarandı.
Çayın adını öz adımdan götürdüm. Bu ad mənim üçün çox dəyərlidir, çünki atamın nənəsinin adıdır və babam öz anasının adını yaşatmaq üçün mənə qoyub. Maraqlıdır ki, uşaqlıqdan çox vaxt mənə bu adla deyil, “nənə” və ya “ana” kimi müraciət ediblər. Mən isə istədim ki, həm adım, həm də hazırladığım çaylar gündəlik həyatda və dünya səviyyəsində səslənsin və tanınsın.
Beləliklə, Masuma’s Tea brendi həm təbiətə olan sevgimdən, həm də insanlara gündəlik həyatlarında kiçik, amma dəyərli bir sağlamlıq dəstəyi vermək istəyimdən yarandı. Bu brend vasitəsilə sevdiyim işi görməklə yanaşı, adımı da yaşatmaq istəyirəm.
-Brendi yaradarkən ilkin investisiyanız nə qədər olub?
-Brendi yaradarkən ilkin mərhələdə böyük investisiya qoyulmayıb. Məhsulların qablaşdırılması və çap işləri üçün təxminən 300 manat vəsait xərclənib. Bundan əlavə, brendin tanıdılması məqsədilə iştirak etdiyim sərgidə 140 manat iştirak və yer icarə haqqı ödənilib.
-Brendin əsas missiyası nədir? Sizcə insanlar bitki çaylarına niyə daha şüurlu yanaşmalıdır?
-Masuma’s Tea-nin əsas missiyası sağlamlığı gündəlik həyatın sadə və təbii bir hissəsinə çevirməkdir. Bitki çayları sadəcə içki deyil, bədənə və ruha dəstək verən təbii vasitələrdir. İnsanlar bitkilərin təsirini daha yaxşı tanıdıqca, onların sağlamlığa necə kömək edə biləcəyini də daha şüurlu şəkildə anlayırlar.
-Azərbaycanda çay mədəniyyəti əsasən qara çay üzərində qurulub. Bu vərdişi dəyişmək nə qədər çətindir?
-Qara çay Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir və bu vərdişi tam dəyişmək məqsədimiz də deyil. Əksinə, biz insanlara alternativ təqdim edirik. Bitki çayları gündəlik çay mədəniyyətinə əlavə oluna bilər. İnsanlar xüsusilə sağlamlıq və balans mövzusunda daha məlumatlı olduqca bu seçimə daha açıq yanaşırlar.
-Hazırda Masuma’s Tea portfelində 18 növ çay var. Bu çeşidləri necə müəyyən etdiniz?
Çeşidləri hazırlayarkən iki əsas prinsipə diqqət yetirdim: bitkilərin funksional faydası və dad harmoniyası. Hər bir qarışım müəyyən bir ehtiyaca — məsələn, həzmin dəstəklənməsi, immun sisteminin gücləndirilməsi, rahatlama və ya enerji balansının qorunmasına yönəlib. Eyni zamanda çayın dadının balanslı olması və içilməsinin xoş hiss yaratması da mənim üçün çox vacibdir.
-Mədə qoruyucu çayınızın hazırlanmasında hansı elmi və ya ənənəvi biliklərə əsaslanmısınız?
Bu qarışım həm ənənəvi fitoterapiya biliklərinə, həm də bitkilərin elmi olaraq tanınmış xüsusiyyətlərinə əsaslanır. Gülümbahar iltihabəleyhinə təsiri ilə tanınır, bağayarpağı mədənin selikli qişasını qorumağa kömək edir, çobanyastığı isə həzm sistemini sakitləşdirən bitkilərdən biridir. Bu üç bitki birlikdə istifadə edildikdə mədə üçün yumşaq və qoruyucu təsir yaradır.
-İmmun çayınızın tərkibindəki itburnu, yemişan və zəncəfil kimi bitkilərin birgə təsiri barədə nə deyə bilərsiniz?
-İtburnu yüksək C vitamini tərkibi ilə immun sistemini dəstəkləyir, yemişan ürək-damar sisteminə müsbət təsiri ilə tanınır, zəncəfil isə bədəni istiləndirən və qan dövranını aktivləşdirən bitkidir. Bu üç bitkinin birlikdə istifadəsi həm immun dəstəyi, həm də ümumi enerji balansı üçün faydalı bir qarışım yaradır.
-Çaylarınızda tez-tez istifadə etdiyiniz gülümbahar bitkisini “qoruyucu dəstək bitkisi” adlandırırsınız. Bunun səbəbi nədir?
Gülümbahar çox yönlü bitkidir və ənənəvi bitkiçilikdə qoruyucu və balanslaşdırıcı təsiri ilə tanınır. O, xüsusilə iltihabəleyhinə və bərpaedici xüsusiyyətləri ilə seçilir. Buna görə də bir çox qarışımda onu əsas dəstək bitkilərindən biri kimi istifadə edirəm.
-“Sağlamlığı gündəlik vərdişə çevirmək” ideyanızı açıqlaya bilərsinizmi?
-Sağlamlıq böyük və çətin addımlardan deyil, kiçik gündəlik vərdişlərdən başlayır. Bir fincan düzgün seçilmiş bitki çayı belə bədən üçün kiçik, amma dəyərli bir dəstək ola bilər.
-Bitkilərlə sağlamlaşma mövzusunda əsas mesajınız nədir?
Təbiət bizə çox zəngin bir şəfa mənbəyi təqdim edir. Əsas məsələ bu bitkiləri düzgün tanımaq və şüurlu şəkildə istifadə etməkdir.
- Məhsullarınızın keyfiyyətinə necə nəzarət edirsiniz? Xammal seçimi necə aparılır?
-Keyfiyyət “Masuma’s Tea” üçün ən əsas prinsiplərdən biridir. Xammal seçərkən bitkilərin təmiz, düzgün qurudulmuş və aromatik xüsusiyyətlərini qoruyan şəkildə olmasına diqqət yetiririk. Qarışıqlar hazırlanarkən isə həm tərkib balansına, həm də təbii keyfiyyətin qorunmasına xüsusi diqqət göstərilir.
-Müştəriləriniz daha çox hansı çaylara üstünlük verir?
-Müştərilərimiz əsasən rahatlaşdırıcı, immun dəstəyi və həzm sisteminə kömək edən çaylara üstünlük verirlər. Xüsusilə stress və yorğunluq dövründə insanların bitki çaylarına marağı daha çox artır.
-İnsanların “qara çaydan imtina edə bilmirəm” düşüncəsini dəyişmək üçün nə edirsiniz?
-Biz insanlara qara çayı tam tərk etməyi deyil, alternativlər kəşf etməyi təklif edirik. Sosial mediada bitkilərin faydaları haqqında məlumat paylaşır, çayların düzgün dəmlənməsi və istifadəsi barədə maarifləndirici kontent hazırlayırıq.
-Son illərdə Azərbaycanda sağlam qidalanmaya maraq artıbmı?
Bəli, son illərdə insanlar sağlam həyat tərzinə daha çox diqqət yetirirlər. Xüsusilə təbii məhsullar, şəkərsiz və bitki əsaslı içkilərə marağın artdığını müşahidə edirik.
-Masuma’s Tea hazırda hansı satış kanalları vasitəsilə fəaliyyət göstərir?
-Hazırda əsas satış kanallarımız sosial media platformaları, sərgilər və müxtəlif tədbirlərdir. Bu platformalar vasitəsilə həm məhsulları təqdim edir, həm də insanlarla birbaşa ünsiyyət qururuq.
-Brendin gələcək inkişaf planları nələrdir?
-Gələcək planlarımız arasında məhsul çeşidini genişləndirmək, yeni bitki qarışıqları yaratmaq və daha geniş satış kanallarına çıxmaq var. Eyni zamanda Masuma’s Tea-ni beynəlxalq bazara təqdim etmək də hədəflərimizdən biridir.
-Yerli bazarda rəqabət mühiti necədir və siz rəqiblərdən nə ilə fərqlənirsiniz?
-Bazarda bitki çayları sahəsində müxtəlif məhsullar olsa da, Masuma’s Tea-nin fərqi hər qarışımın funksional məqsədlə və xüsusi diqqətlə hazırlanmasıdır. Bizim üçün həm fayda, həm də dad balansı çox vacibdir.
-Masuma’s Tea-ni 5 il sonra harada görürsünüz?
-5 il sonra Masuma’s Tea-ni daha geniş auditoriyaya çatmış, sağlam həyat tərzi ilə assosiasiya olunan bir brend kimi görürəm. Məqsədimiz insanların gündəlik həyatında təbii və faydalı seçimlərdən biri olmaqdır. Hazırda çaylarımı ev şəraitində hazırlayıram, amma qəlbimdə böyük bir arzu var -Masuma’s Tea üçün öz çay evi və emalatxanamı yaratmaq. Burada hər fincan çay yalnız bir içki olmayacaq, həm də canlı ünsiyyətin, xoş anların və ilhamın mərkəzinə çevriləcək. Mən insanlarla bir araya gələrək çay seremoniyaları, master-klasslar və xüsusi tədbirlər təşkil etməyi arzulayıram.
Bir çox müştərim deyir ki, çayı mənim əlimdən dəmlənmiş şəkildə içəndə onun dadı və ətri başqa bir aləmə aparır. Elə buna görə də mən istəyirəm ki, gələcəkdə yaratdığım məkan insanlara yalnız çay içmək deyil, çayın sehrini yaşamaq, bitkilərin faydalarını kəşf etmək və hər fincanda sakitliyin və xoşbəxtliyin dadını tapmaq imkanı versin. Buradan hər qonaq həm ruhunu dinlədiyi, həm də qəlbini dolu-dolu hisslərlə doldurduğu bir yerdən ayrılacaq.
-Bazarda rəqibləriniz kimdir? Onlardan üstünlüyünüz nədir sizcə?
-Bitki çayları sahəsində bazarda müxtəlif yerli və xarici brendlər mövcuddur. Amma mən Masuma’s Tea-ni daha çox fərdi yanaşma ilə yaradılan bir brend kimi görürəm. Çay qarışıqları hazır reseptlərdən deyil, bitkilərin xüsusiyyətləri və onların bir-biri ilə uyğunluğu nəzərə alınaraq hazırlanır. Üstünlüyümüz ondan ibarətdir ki, hər qarışımın arxasında həm bitkilərin faydasına dair araşdırma, həm də dad balansına diqqət dayanır. Eyni zamanda məhsullarımız daha çox təbii sagılam müalicəvi və sadə olur, məqsədimiz isə insanların gündəlik həyatında həm dadlı, həm də faydalı bitki çaylarını əlçatan etməkdir. Masuma’s Tea üçün əsas fərq isə səmimiyyətdir-bu çaylar böyük istehsal xəttində deyil, bitkilərə olan sevgidən və təbiətə olan inamdan yaranıb.
-Bu il satışlarınız necə olub? Ötən illə müqayisədə artım və ya azalma olub? Əgər olubsa, sizcə bu nə ilə əlaqədardır?
-Bu il satışlarımız ötən illə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Bunun əsas səbəblərindən biri Woman Bazaar 5 satış yarmarkasında iştirakımız oldu. Yarmarka Gender Hub Azerbaijan tərəfindən təşkil olunmuş və qadın sahibkarlarına dəstək məqsədi daşıyan platforma idi. Bu tədbir qadın sahibkarların tanınması üçün əla fürsət yaratdı.
Bizim brendimiz Masuma’s Tea hələ cəmi 1 ildir fəaliyyət göstərir, amma bu tədbir sayəsində həm satışlarımız artdı, həm də brendimiz daha geniş auditoriya tərəfindən tanındı. Eyni zamanda, sosial media səhifələrimizdə izləyici sayının artmasında da bu tədbirin böyük rolu oldu.
Yarmarkada yüksək səviyyəli qonaqların, o cümlədən Arzu Əliyeva, Leyla Əliyeva və Alyona Əliyeva kimi prezident ailəsinin üzvlərinin iştirakı qadın sahibkarlar üçün böyük motivasiya və dəstək oldu. Belə layihələr yeni brendlərin tanınmasına və inkişafına həqiqətən böyük töhfə verir.
Müştərilər əsasən nəyə üstünlük verir?
-Müştərilərimiz arasında bitki çaylarına maraq getdikcə artır. Xüsusilə rahatlaşdırıcı, yəni relaksasiya üçün nəzərdə tutulmuş çaylar, immuniteti gücləndirən və həzm sisteminə dəstək verən məhsullar prioritet hesab olunur. Bu tendensiya xüsusilə stress və yorğunluq dövrlərində daha da nəzərə çarpır. Müasir həyatın sürəti, iş yükünün çoxluğu və gündəlik gərginlik insanları təbii və faydalı vasitələrə yönəldir, belə ki, bitki çayları həm fiziki, həm də psixoloji sağlamlıq üçün ideal seçim kimi qiymətləndirilir. Bitki çaylarının təsiri yalnız fiziki sağlamlıqla məhdudlaşmır. Onlar həm də insanların emosional vəziyyətinə müsbət təsir göstərir, stressi azaldır və enerjini bərpa etməyə kömək edir. Bu xüsusiyyətlər, xüsusilə payız-qış aylarında və iş həyatının pik dövrlərində, məhsulların tələbatını daha da artırır.
Beləliklə, rahat yatmaq, immuniteti gücləndirmək və həzm sistemini dəstəkləmək məqsədilə istehlakçılar təbii bitki çaylarına daha çox yönəlirlər. Xüsusilə rahatlaşdırıcı və relaksasiya üçün nəzərdə tutulmuş məhsullar ön plandadır. Bu baxımdan, "Relax" çayı son dövrlərdə ən çox seçilən və tövsiyə olunan məhsullardan biridir. Tərkibində təbii bitkilər olan "Relax" çayı, insanların gündəlik həyatın yaratdığı stress və gərginlikdən uzaqlaşmasına kömək edir. İş gününün sonunda, yorğunluq hissi artdıqda və ya gecə rahat yatmaq istəyəndə bu çay rahatlıq və sakitlik gətirir, yuxu keyfiyyətini yüksəldir.
Relax çayının təsiri yalnız yuxu ilə məhdudlaşmır. Onun təbii bitki tərkibi bədənin və zehnin dincəlməsinə, emosional tarazlığın qorunmasına və enerjinin bərpasına da dəstək olur. Müxtəlif bitkilərin birləşməsi sayəsində həm sakitləşdirici, həm də bədənin ümumi rifahını artırıcı təsir təmin edilir. Bu səbəbdən "Relax" çayı stressli və yorucu günlərdə insanların gündəlik rutinində mühüm yer tutur.
Eyni zamanda, "Relax" çayı digər faydalı bitki çayları ilə birlikdə istifadə olunduqda, həm immuniteti dəstəkləmək, həm də həzm sisteminə fayda vermək üçün ideal seçimdir. Təbii üsullarla sağlamlıq və rahatlığı birləşdirən bu məhsul, müasir həyatın sürətli ritminə uyğun hazırlanmışdır və hər yaş qrupuna uyğun rahat istifadəyə malikdir.
Beləliklə, "Relax" çayı yalnız yuxu və relaksasiya üçün deyil, həm də gündəlik enerji balansını qorumaq və stressi azaltmaq üçün effektiv və təbii vasitə kimi seçilir. İnsanlar arasında onun populyarlığı hər keçən gün artır və bitki çayları arasında ən çox üstünlük verilən məhsullardan birinə çevrilmişdir.
Sərgi zamanı Arzu Əliyeva, Leyla Əliyeva stendimə yaxınlaşdı və mənim çaylarımı çox bəyəndilər və məndən rahatlaşdırıcı çaylardan aldılar. Arzu xanım bildirdi ki, bu çaylar rahat yatmağa kömək edir. Arzu xanımın seçimi "Relax" çayı oldu.
-Gənc sahibkarlara nə tövsiyə edərdiniz?
-Əgər bir ideyaya həqiqətən inanırsınızsa, onu kiçik addımlarla həyata keçirməkdən qorxmayın. Səbr, öyrənmək istəyi və davamlı inkişaf hər bir brendin uğurunun əsas hissəsidir.

















