
Fuad Tağıyev: “Heç bir xarici serverdən asılı olmayan və dilimizi bizim kimi bilən bir süni intellekt sistemimiz olsun"- MÜSAHİBƏ
Fins.az bu dəfə yerli texnologiya sektorunun diqqətçəkən oyunçularından biri olan "BIRAINY" MMC-nin təsisçisi Fuad Tağıyev ilə müsahibə hazırlayıb. Müsahibədə şirkətin yaranma hekayəsi, yerli süni intellekt məhsulu olan Sozly AI-ın üstünlükləri, qlobal platformalardan fərqləri və gələcək inkişaf strategiyaları ətraflı müzakirə olunub.
Söhbət zamanı həmçinin Azərbaycan dilində çalışan süni intellekt texnologiyalarının əhəmiyyəti, məlumat təhlükəsizliyi məsələləri, multimodal AI anlayışı, eləcə də məhsulun dövlət qurumları və iri şirkətlər üçün yaratdığı imkanlar geniş şəkildə izah edilib. Bununla yanaşı, şirkətin beynəlxalq planları, yeni funksiyalar üzərində apardığı işlər və region ölkələrinə texnologiya ixracı hədəfləri də diqqət mərkəzində olub.
-Fuad bəy, "BIRAİNY"-nin və Sozly AI məhsulunun yaranma hekayəsi necə oldu? Nə sizi bu layihəni yaratmağa sövq etdi?
Biz 2018-ci ildə "BIRAİNY"ni quranda əsas məqsədimiz şirkətlərə öz məlumatlarını, rəqəmlərini analiz edib daha doğru qərarlar verməyə kömək etmək idi. Zamanla süni intellekt dünyada populyarlaşmağa başladı. İnsanlar, qurumlar xarici tətbiqlərdən, məsələn, Chatgpt və ya Gemini-dan istifadə etməyə başladılar. Amma iki böyük problem var idi. Birincisi, dil məsələsi. Xarici proqramlar bizim dilimizi, yəni Azərbaycan dilini tam yaxşı anlaya bilmir, çox vaxt sözləri Türkiyə türkcəsində və ya problemli qaytarır. İkincisi isə təhlükəsizlikdir. Dövlət qurumları və ya böyük şirkətlər öz məxfi, vacib sənədlərini internetə, xarici serverlərə yükləməkdən haqlı olaraq çəkinirlər. Bu yaxınlarda ölkə rəhbərliyi tərəfindən keçirilən rəqəmsallaşma müşavirəsində də rəqəmsal transformasiyanın, milli data mərkəzlərinin və süni intellektin ölkəmizin gələcəyi üçün prioritet olduğu xüsusi vurğulandı. Biz də bütün bu ehtiyacları görüb qərara gəldik ki, özümüzün, heç bir xarici serverdən asılı olmayan və dilimizi "özümüzkü" kimi bilən bir süni intellekt sistemimiz olsun. Sozly AI belə yarandı.
-Yəni Sozly AI-ın digər qlobal süni intellekt platformalarından fərqləndirən əsas şey budur?
Bəli, ən böyük fərqimiz sistemin "qapalı qutu" kimi işləməsidir. Sizin internetiniz kəsilsə belə, Sozly ofisinizdə işləməyə davam edir. Sənədlərinizi sistemə yüklədiyiniz zaman o sənəd okeanın o tayındakı serverlərə getmir, elə sizin öz binanızda, öz kompüterinizdə emal olunur. Digər fərqimiz isə dildir. Biz sistemi xüsusi olaraq bizim əlifbadakı "Ə, Ş, Ğ" kimi hərfləri doğru tanıması, qanunvericilik terminlərini və rəsmi sənəd dilini düzgün anlaması üçün öyrətmişik. Üstəlik, səs tanıma modelimiz üçün müxtəlif bölgələrimizin ləhcələrini özündə birləşdirən 1500 saatlıq səs bazası toplamışıq. Buna görə də xarici proqramlarla müqayisədə bizim dildə qat-qat dəqiq işləyir.
-Çox vaxt "Multimodal AI" ifadəsini işlədirsiniz. Bunu texniki dildən uzaq, sadə şəkildə necə izah edərdiniz?
Təsəvvür edin ki, yanınızda çox ağıllı əməkdaşınız var. Əgər o, yalnız sizin yazdıqlarınızı oxuyub cavab verirsə, bu, adi chatbotdur. Amma o əməkdaş həm sənədlərinizi oxuyub xülasəsini çıxara, həm iclaslarda danışılanları dinləyib mətnə çevirə, həm xarici dildən mətnləri tərcümə edə, həm də hətta kameradakı görüntülərə baxıb ordakı obyektləri və ya hərəkətləri anlaya bilirsə, bax bu, multimodal süni intellektdir. Yəni o, eynilə insan kimi eyni anda həm görür, həm eşidir, həm də oxuyur. Bizdə bu funksiyaların hamısı bir yerdədir.
-Bəs bu qədər funksiyanı bulud (cloud) sistemi olmadan, yəni yerli kompüterlərdə işlətmək çətin deyil? Bunun üçün böyük serverlər lazım olmur?
Çox maraqlı sualdır. Adətən elə bilirlər ki, güclü bir süni intellekt məhsulu yaratmaq üçün mütləq böyük otaqlar dolusu bahalı serverlərə, superkompüterlərə ehtiyac var. Bizim ən böyük mühəndislik uğurumuz elə bu mifi qırmaq oldu. Biz bu böyük modelləri o qədər sıxışdırıb optimallaşdırmışıq ki, adi oyunçuların və dizaynerlərin istifadə etdiyi müasir "NVIDIA RTX 5090" kimi qrafik kartlarında belə rahatlıqla işləyir. Yəni biz müştəriyə "Sən get özünə böyük server qur" demirik, ona daxilində güclü prosessor olan hazır bir qutu veririk. Onu sadəcə cərəyana taxıb birbaşa istifadə edə bilirlər. Bu, həm xərcə qənaətdir, həm də elektrik enerjisinə.
-Sozly daha çox kimlər üçün nəzərdə tutulub və müştərilərinizdən indiyədək hansı maraqlı rəyləri almısınız?
Məhsulumuz daha çox məlumatlarının məxfi qalmasını istəyən dövlət qurumları, banklar, müdafiə sənayesi və böyük şirkətlər üçün idealdır. Artıq 7 dövlət qurumunda və 5 böyük şirkətdə daxili testlərimiz və inteqrasiya davam edir. Eyni zamanda böyük təşkilatlarla da strateji danışıqlar mərhələsindəyik. Ən böyük uğurumuz isə odur ki, qlobal miqyasda yoxlamalardan keçərək dünyanın süni intellekt nəhəngi olan NVIDIA-nın rəsmi "Inception" proqramına üzv seçilmişik. Bu, Azərbaycan mühəndislərinin qurduğu texnologiyanın artıq dünya standartlarında qəbul edildiyinin ən sadə və net göstəricisidir.
-Komandanızda neçə nəfər çalışır?
Ümumilikdə 10-dan çox komanda üzvümüz var. Layihəni reallaşdıran əsas nüvə süni intellekt üzrə gənc və bacarıqlı mühəndislərimizdir. Mən komandaya əjdahalarım da deyirəm.))) Bu komanda sübut etdi ki, xaricdən hazır texnologiya almaqdansa, onu Azərbaycanda, öz mütəxəssislərimizlə də sıfırdan yaratmaq mümkündür.
-Sizcə, süni intellekt daha çox riskdir, yoxsa fürsət? Əgər Sozly AI insan olsaydı, onu necə xarakterizə edərdiniz?
-Əgər bütün vacib və məxfi sənədlərinizi kimin idarə etdiyini bilmədiyiniz xarici bir internet serverinə yükləyirsinizsə, bu böyük riskdir. Amma həmin intellekt yalnız sizin nəzarətinizdə, sizin ofisinizdə işləyirsə, bu artıq işinizi dəfələrlə sürətləndirən böyük fürsətdir. Sozly insan olsaydı, yəqin ki, heç vaxt yorulmayan, çox sürətlə oxuyub-yazan, yüzlərlə səhifəlik qanunları əzbər bilən, 52 dildə anlayan, amma ən əsası "sirr saxlamağı" bacaran, ağzıbütöv və çox sadiq köməkçi olardı.
-Gələcək planlarınız nələrdir? Bizi irəlidə nə gözləyir?
-Əsas məqsədimiz məhsulumuzu daha da təkmilləşdirmək və xarici bazarlara çıxmaqdır. Funksionallıq tərəfindən danışsaq, hazırda maliyyə modulunu yaradırıq və demək olar ki, tam hazırdır. Bu modul vasitəsilə müştərilərimiz maliyyə hesabatlarını, mürəkkəb Excel sənədlərini sistemə yükləyərək onlara suallar verə və anında dəqiq analizlər ala biləcəklər. Eyni zamanda, çox qısa zamanda əsas modullarımızdan biri olan "Knowledge AI"ın 2-ci versiyası çıxacaq. Bu yeni versiya artıq Azərbaycan dilindəki əlyazmaları da rahatlıqla oxuyub rəqəmsallaşdıra biləcək. Qlobal planlarımıza gəldikdə isə, biz təkcə Azərbaycanla kifayətlənmək istəmirik. Türkiyə, Qazaxıstan, Özbəkistan və eləcə də Qırğızıstan kimi eyni dil ailəsindən olan ölkələrdə qlobal süni intellekt modelləri yerli dilləri çox zəif anlayır. Bizim hədəfimiz öz texnologiyamızı bu ölkələrə ixrac etməkdir. Artıq Türkiyə və Dubaydan da çox maraqlı əməkdaşlıq təklifləri almışıq. Yaxın vaxtlarda isə dünyanın ən böyük texnologiya sərgilərindən olan Qazaxstanda keçiriləcək GITEX-də iştirak edərək məhsulumuzu beynəlxalq səviyyədə təqdim edəcəyik. Vizyonumuz, ölkəmizi bu regionda rəqəmsal mərkəzə və "Milli Rəqəmsal Yaddaş" infrastrukturunun ixracatçısına çevirməkdir.

