Fərhad Qaraşov: “Narçılığın gələcəyi intensiv bağçılıq və rəqəmsal modernizasiyadan keçir”

Fərhad Qaraşov: “Narçılığın gələcəyi intensiv bağçılıq və rəqəmsal modernizasiyadan keçir”

MÜSAHİBƏ
1,415

Azərbaycanın qeyri-neft sektorunda mühüm əhəmiyyət daşıyan narçılıq sektoru son illərdə həm istehsal, həm ixrac, həm də regionların sosial-iqtisadi inkişafı baxımından xüsusi diqqət mərkəzinə çevrilib. Nar, bu gün təkcə kənd təsərrüfatı məhsulu kimi deyil, həm də əlavə dəyər yaradan, ixracyönümlü və brendləşmə potensialı yüksək olan strateji məhsul kimi qiymətləndirilir.

Fins.az "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşovdan müsahibə alıb. Müsahibədə sektorun mövcud vəziyyəti, inkişaf dinamikası, əsas iqtisadi göstəricilər, problemlər və perspektivlər ətraflı şəkildə müzakirə olunub.

Assosiasiya sədri müsahibədə vurğulayır ki, gələcək inkişafın əsas istiqaməti emal sənayesinin gücləndirilməsi, məhsulun brendləşdirilməsi və yeni ixrac bazarlarının fəth edilməsidir.

-Azərbaycanın aqrar iqtisadiyyatında narçılıq sektorunun strateji rolu hazırda hansı səviyyədədir və bu rol gələcəkdə necə dəyişə bilər?

-Nar Azərbaycan milli-mənəvi sərvətləri arasında istər meyvə, istərsə də bir incəsənət nümunəsi olaraq özünəməxsus yerə malikdir. Bununla yanaşı, ölkənin aqrar sektorunda narçılıq hazırda davamlı istehsal meyarı ilə ixracyönümlü, əlavə dəyər yaradan və regionların sosial-iqtisadi inkişafına töhfə verən strateji sahələrdən biridir. Təbii ki, narın dadını, tərkibini, vitamin və təbii ekstraktları nəzərə alsaq gələcəkdə emal, brendləşmə və bazar araşdırılması istiqamətində daha da inkişaf edəcəyi və illik rəqəmlərin daha da artacağı danılmazdır.

-Sektorun inkişafını ölçmək üçün hansı əsas iqtisadi göstəricilər (ixrac həcmi, məhsuldarlıq, emal payı və s.) daha önəmlidir?

-Sektorun inkişafını qiymətləndirmək üçün narın məhsuldarlığını, ixrac perspektivlərini, qiymətini, ixracda emal payını, fermerlərin əldə etdiyi gəlirləri götürə bilərik. Lakin burada dövlətimizin dəstək mexanizmlərinin əsaslı rol oynadığını da qeyd etməliyik. İllik subsidiya, güzəştli texnika şərtləri və digər meyarlar fermerlərimizin əlçatanlıq göstəricilərini bir az da qaldırır.

 -Narçılıq sektorunun inkişafını məhdudlaşdıran əsas struktur problemlər hansılardır: torpaq idarəçiliyi, suvarma sistemi, logistika, yoxsa bazar mexanizmləri?

-Narçılığın inkişafını ən çox məhdudlaşdıran struktur problemlər kimi suvarma sistemləri, yağıntıların miqdarından asılı olaraq torpaq sahələrinin parçalanması, logistika və bununla yanaşı aqrotexniki qulluq prosesində baş verən bəzi çatışmazlıqları qeyd edə bilərik.

-Azərbaycanda nar bağlarının məhsuldarlığı regionlar üzrə necə fərqlənir və bu fərqlərin əsas səbəbləri nədir?

-Nar bağlarının məhsuldarlığı əsasən regionlar üzrə fərqlənir və bu fərqlər sırasında biz su təminatı, torpaq münbitliyi, bağların yaşı və aqrotexniki idarəetmə səviyyəsini qeyd edə bilərik. Təbii ki, narçılığın mövcud olduğu regionlar əsasən bir-birinə yaxın regionlardır və burada iqlim dəyişikliyi bir o qədər fərq eləmir, lakin biz yenə məhsuldarlıqda bir sıra nəzərəçarpacaq fərqləri müşahidə edə bilirik.

-Ölkədə mövcud olan köhnə nar bağları yenilənirmi? Bu, əsasən hansı regionlarda müşahidə edilir?

-Köhnə nar bağlarının yenilənməsi prosesini biz əsasən işğaldan azad olunmuş ərazilərdə müşahidə edə bilirik. Həmin ərazilərdə bağlar sahibkarlarımız tərəfindən icarəyə götürülüb və düzgün qulluq prosesi ilə yenidən qurulur. Mövcud bağlarımızda isə qismən başlanmış olsa da, bu sahədə hələ ciddi bir irəliləyişin olmadığını qeyd etmək istərdim. Təbii ki, burada maliyyə çatışmazlığı və bir sıra texniki səbəblərdən genişmiqyaslı transformasiya hələ baş verməyib.

-Fermerlərin aqrotexniki bilik səviyyəsi məhsuldarlığa və keyfiyyətə necə təsir edir?

 -Fermerlərin aqrotexniki bilik səviyyəsi məhsuldarlığa və keyfiyyətə birbaşa təsir edir. Assosiasiyanın bu istiqamətdə aktiv olaraq işləri davam edir. Təbii ki, bir sıra layihələr, müasir idarəetmə metodlarının tətbiqi ilə bağlı aparılan görüşlər məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaq istiqamətində ən uyğun variantdır. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən dəstək mexanizmləri aqrar sektorun inkişafında mühüm rol oynayır. Xüsusilə Nazirliyin Fermerlərlə İş və Qeyri-Hökumət Təşkilatları ilə İş şöbəsinin fəaliyyəti bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Həmin şöbə fermerlər və aqrar sahədə fəaliyyət göstərən sahibkarlarla, eləcə də aidiyyəti QHT-lərlə davamlı və sistemli kommunikasiya quraraq onların ehtiyac və təkliflərinin operativ şəkildə öyrənilməsinə və həllinə şərait yaradır. Bu əməkdaşlıq çərçivəsində bilik və bacarıqların artırılması, məlumat mübadiləsinin gücləndirilməsi, subsidiya və dəstək mexanizmləri barədə maarifləndirmə işləri aparılır. Nəticə etibarilə, bu yanaşma kənd təsərrüfatı sektorunda şəffaflığın, səmərəliliyin və institusional əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

 -Azərbaycanda narın emalı və dəyər zənciri (şirə, konsentrat, nar məhsulları) nə dərəcədə inkişaf edib?

-Ölkədə nar emalı sektoru istər ənənəvi, istərsə də texnologiyanın inkişafı istiqamətində formalaşıb və mövcud istehsal potensialı ilə biz artıq dünya bazarında ölkənin nar və nardan hazırlanan məhsullarına bir tələbat formalaşdıra bilmişik. Hazırda nar ixracının əsas hissəsini nar meyvəsi təşkil edir və emal olunmuş məhsulların payı aşağı olduğu üçün tam da gözlənti meyarı arta bilmir. Amma bunun üçün sahibkarlarımızın emal zavodları ilə sıx əməkdaşlığı və emal məhsullarının artması üçün daha da aktiv olmalarını ümid edirik. Sevindirici haldır ki, AQTA-nın nümayəndələri  Çin dövlətinin rəsmiləri ilə danışıqlara başlayıb və bu istiqamətdə mühüm addımlar atılmaqdadır. Qeyd edək ki, emal sənayesində yeni emal mərkəzlərinin yaradılması üçün əsas problemlər həm investisiya çatışmazlığı, həm də xammalın keyfiyyət və standart baxımından vahid sistemə uyğun olmamasıdır.

-2025-ci ili Azərbaycanın nar ixracı baxımından necə qiymətləndirirsiniz? Bu sahədə əsas tendensiyalar və nəticələr nələrdir? Bu nar mövsümü ilə bağlı proqnozlarınız və gözləntiləriniz nələrdir?

- Ölkə üzrə 2025-ci ildə nar istehsalı 187137,4 ton olub. Ötən il Azərbaycan 35 min 986 ton həcmində 35 milyon 335 min ABŞ dolları dəyərində nar ixrac edib. 2024-cü ildə isə Azərbaycan 33 min 900 ton nar ixrac etmişdi və 29 milyon 785 min ABŞ dolları dəyərində gəlir əldə etmişdi. 2024-cü illə müqayisədə ötən il həcm və dəyər baxımından artım müşahidə edilməsi sevindirici haldır. Hazırda ixracda əsas payı Rusiya və MDB ölkələri tutur, lakin bu yüksək coğrafi asılılıq strateji risk yaradır. Təbii ki, bu istiqamətdə biz istər Körfəz ölkələri, istərsə də Avropa ölkələri ilə aktiv danışıqlar aparırıq. Ümid edirik ki, yaxın illərdə biz bu ölkələrə ilk ixracımızı həyata keçirəcəyik. Orta və uzunmüddətli perspektivdə Avropa İttifaqı, Körfəz ölkələri və yüksək alıcılıq qabiliyyətinə malik Asiya bazarları prioritet istiqamətlər kimi çıxış edir. Azərbaycan narı istər dad, istər tərkib baxımından beynəlxalq bazarda özünəməxsus yerə və keyfiyyətə sahibdir. Təbii ki, bazarda olan rəqiblərimizi nəzərə alaraq biz davamlı olaraq ümumilikdə öz keyfiyyət göstəricilərimizi qaldırmağa məcburuq.

-Azərbaycan narı beynəlxalq bazarlarda hansı ölkələrlə rəqabət aparır və üstünlükləri nələrdir? Brendləşmə problemi varmı? “Azərbaycan narı” qlobal bazarda tanınan bir marka sayıla bilərmi?

- Azərbaycan narının əsas ixrac bazarı Rusiya, müharibədən öncə Ukrayna və faiz göstəricilərinə görə bir sıra digər ölkələr var. Azərbaycan narı bu bazarlarda və digər beynəlxalq bazarlarda Türkiyə, İran və Hindistan kimi ölkələrlə rəqabət aparır. Məhsulun keyfiyyət üstünlüyü, dadı, təbii ekstraktları olsa da, hələki dünya bazarında biz istədiyimiz nəticəni əldə edə bilməmişik. Təbii ki, bu istiqamətdə hər birimiz əlimizdən gələni edirik. Davamlı olaraq AZPROMO-nun və aidiyyəti üzrə digər qurumların təşkil etdikləri yerli və beynəlxalq sərgilərdə iştirak edirik və bununla da Azərbaycan narının bir brend olaraq formalaşması və xarici bazarlarda uzunmüddətli dayanıqlılıq əldə etməsi üçün əlimizdən gələni edirik.

-İxrac bazarlarının genişlənməsinə hansı amillər mane olur?

-Bu gün ixrac bazarımızın genişlənməsində logistika xərclərinin yüksəkliyi və beynəlxalq sertifikatlaşdırmanın fermerlərimiz üçün bir az maddi cəhətdən əlçatan olmaması ixracın coğrafiyasını daraldır və bazar diversifikasiyasını çətinləşdirir. Təbii ki, bununla bağlı davamlı görüşlərimiz davam edir. Yeni dəstək mexanizmləri, sertifikatlaşdırmanın dövlət tərəfindən subsidiyalaşdırılması kimi layihələr Assosiasiya tərəfindən işlənir, lakin bunun vahid bir hal alması üçün biz hələ mövcud vəziyyəti nəzərə almalıyıq. Digər tərəfdən narın yaş meyvə olduğunu nəzərə alsaq onun uzaq məsafələrə daha tez çatdırılmasının iqtisadi baxımdan faydalı olduğu məlumdur, lakin öncədən də bildirdiyim kimi, bu kifayət qədər xərc yaradan amildir.

-Narçılıq sektorunun 10 illik transformasiya modeli necə olmalıdır?

-Narçılıq sektorunun 10 illik transformasiyasına nəzər saldıqda intensiv bağçılığın inkişafı, rəqəmsal və aqrotexniki modernizasiya, fermerlərimizin maarifləndirilməsində yerli və beynəlxalq səviyyədə tədbirlər planının genişləndirilməsi, emal sənayesinin artırılması və milli ixrac brendinin -“Made in Azerbaijan” formalaşdırılması üzərində qurulması perspektiv üçün bizim qarşımızda duran əsas məqsədlərdən biridir.

-Dövlət proqramları narçılıq sektorunun real ehtiyaclarını nə dərəcədə qarşılayır?

-Dövlətimiz tərəfindən tətbiq edilən subsidiya mexanizmi bu gün bizim üçün mövcud vəziyyətdə çox əlçatandandır. Bu istər maddi baxımdan istərsə də texniki baxımdan sahibkarların daha operativ şəkildə həll yollarını axtarmasına təkan verir. Birdəfəlik ödəniş mexanizminin formalaşdırılması maddi dəstəklə yanaşı, yeni nar bağlarının salınması və mövcud istehsal rəqəmlərinin artmasına da zəmin yaradır. Bundan başqa sektorun dayanıqlı inkişafı üçün kooperativlərin təşviqi, aqrar sığortanın genişləndirilməsi, müqaviləli əkin modelləri və ixrac yönümlü klasterlərin yaradılması da tərəfimizdən zəruridir.

-Azərbaycan Narçılıq Assosiasiyası  (ANİİA) sektorun inkişafında hansı real təsir gücünə malikdir?

- ANİİA fermerlər, dövlət və istehlakçıları arasında koordinasiya rolunu oynasa da, bundan başqa fermerlərin ümumi maariflənməsi, narçılıqda yeni mexanizmlərin tətbiqi ilə bağlı  araşdırılmasının aparılması təsir mexanizmləri ilə bağlı da aktiv fəaliyyətini davam etdirir. Təbii ki, bu istiqamətdə ANİİA-nın fəaliyyətinin əsas dəstəkçisi dövlətdir, çünki, dövlətin dəstək mexanizmləri ilə birlikdə Assosiasiya öz fəaliyyət mexanizmlərini daha da genişləndirə bilər.

- Assosiasiyanın 10 illik fəaliyyətinə nəzər saldıqda, hansı əsas nailiyyətləri və strateji istiqamətləri xüsusi vurğulamaq olar?

-Assosiasiya üçün cari il xüsusi əhəmiyyət daşıyır. Belə ki, Assosiasiyanın yaradılmasının 10 ili tamam olur. Bu onillik dövrə nəzər saldıqda əldə olunan nəticələr təkcə statistik artımlarla deyil, həm də sektorda formalaşan institusional güc, beynəlxalq tanınma və dayanıqlı inkişaf meyilləri ilə ölçülməlidir. Bu baxımdan Assosiasiyanın rolu xüsusilə vurğulanmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, narçılıq sektoru Azərbaycan aqrar iqtisadiyyatının strateji istiqamətlərindən birinə çevrilməkdədir. Assosiasiyanın fəaliyyəti bu transformasiyanı sürətləndirən əsas amillərdən biri olub. Assosiasiya yalnız istehsalçıları bir araya gətirən platforma deyil, həm də bilik, innovasiya və bazar imkanlarını birləşdirən mühüm koordinasiya mərkəzidir. Onun təşəbbüsləri nəticəsində fermerlər daha müasir aqrotexniki metodlara çıxış əldə edib, məhsuldarlıq və keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlib. 2016-cı ildən bu günə qədər hər il nar istehsalının artması təsadüfi deyil. Bu artımın arxasında planlı yanaşma, düzgün təşkil olunmuş maarifləndirmə proqramları və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi dayanır. Assosiasiya fermerlər üçün təlimlər, seminarlar və praktiki layihələr həyata keçirərək onların bilik və bacarıqlarını artırıb. Nəticədə ənənəvi üsullardan müasir, elmi əsaslı yanaşmalara keçid sürətlənib. Assosiasiya beynəlxalq sərgilərdə iştirak, xarici bazarlarla əlaqələrin qurulması və “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində mühüm addımlar atıb. Bu fəaliyyətlər Azərbaycan narının dünya bazarlarında daha geniş tanınmasına və rəqabət qabiliyyətinin müəyyən dərəcədə artmasına töhfə verib. Hazırda Azərbaycan narı bir çox ölkələrdə keyfiyyətli və təbii məhsul kimi qəbul olunmağa başlayır. Digər mühüm məqam isə Assosiasiyanın sektorda standartların formalaşdırılmasına verdiyi töhfədir. Beynəlxalq standartlara uyğun istehsalın təşviqi narçılığın daha sistemli və şəffaf inkişafına zəmin yaradıb. Bu da öz növbəsində ixrac potensialını artırmaqla yanaşı, daxili bazarda da istehlakçı etimadını gücləndirib. Assosiasiyanın fəaliyyətinin sosial aspekti də xüsusi qeyd olunmalıdır. Narçılıq regionlarda məşğulluğun artırılmasına, kənd təsərrüfatı ilə məşğul olan ailələrin gəlirlərinin yüksəlməsinə və kənd yerlərində sosial rifahın yaxşılaşmasına ciddi töhfə verir. Bu baxımdan assosiasiya yalnız iqtisadi deyil, həm də sosial inkişafın mühüm iştirakçılarından biridir. Assosiasiyanın 10 illik fəaliyyətinin əsas istiqamətlərindən biri də “mədəniyyətdə nar” konsepsiyasıdır və bu sahədə artıq genişmiqyaslı işlər həyata keçirilmişdir. Fəxri üzvlük institutu çərçivəsində 40-a yaxın rəssam, heykəltəraş, aşpaz, müğənni, kəlağayı ustaları və narçılığın mədəni müstəvidə inkişafına töhfə verən müxtəlif sahələrin nümayəndələri fəxri üzvlüyə qəbul olunmuşdur. Bu yanaşma göstərir ki, narçılıq yalnız kənd təsərrüfatı məhsulu kimi emal, ixrac və sənaye ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın milli simvolu kimi mədəni və ideoloji dəyər daşıyır. Məhz bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycan narı bu gün həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə tanınır və fəal şəkildə təbliğ olunur.Hər il ölkəmizdə, eləcə də xarici ölkələrdə diaspor təşkilatları və diplomatik nümayəndəliklər vasitəsilə nar bayramları, nar günləri və festivallar təşkil edilir. Bu tədbirlər nəticəsində nar getdikcə daha geniş auditoriyanın diqqətini cəlb edir, mədəniyyətimizin ayrılmaz simvolu kimi ön plana çıxır və beynəlxalq səviyyədə nüfuzunu artırır. Azərbaycan narının mədəni və sosial müstəvidə təbliği onun ixrac potensialının artmasına və beynəlxalq bazarlarda daha geniş yayılmasına mühüm töhfə verir. Lakin əldə olunan nailiyyətlərə baxmayaraq, bununla kifayətlənmək olmaz. Qlobal bazarlarda rəqabət getdikcə artır və yeni çağırışlar ortaya çıxır. İqlim dəyişiklikləri, su resurslarının idarə olunması, logistika problemləri və innovasiyaların tətbiqi kimi məsələlər gələcək inkişaf üçün əsas prioritetlərdən olmalıdır. Assosiasiyanın son 10 ildəki fəaliyyəti sektorun inkişafında həlledici rol oynayıb və bu gün əldə olunan uğurların əsasını təşkil edir. Qarşıdakı dövrdə isə bu rolun daha da gücləndirilməsi, innovativ yanaşmaların təşviqi və beynəlxalq inteqrasiyanın dərinləşdirilməsi ilə Azərbaycan narçılığı qlobal səviyyədə daha möhkəm mövqe qazana bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fərhad Qaraşov: “Narçılığın gələcəyi intensiv bağçılıq və rəqəmsal modernizasiyadan keçir” — Fins.az — Fins.az