"Davamlılıq sürətdən daha dəyərlidir” – Günay İmzanzadə ilə müsahibə

"Davamlılıq sürətdən daha dəyərlidir” – Günay İmzanzadə ilə müsahibə

MÜSAHİBƏ
1,150

Fins.az “Forbes 30 Under 30” siyahısına daxil olan azərbaycanlı sahibkar Günay İmzanzadə ilə müsahibə hazırlayıb. Təhsil texnologiyaları sahəsində fəaliyyət göstərən Metatesk platformasının qurucusu olan Günay İmzanzadə bu sahəyə gəlmə yolundan, sahibkarlıq qərarının arxasındakı motivasiyadan və ilk uğursuzluqlarından danışıb. O, həmçinin Azərbaycanda edtech bazarının çağırışlarını, süni intellektin təhsildə rolunu və gələcəyin təhsil modelinə dair baxışlarını bölüşüb.

-Təhsil texnologiyaları sahəsinə gəlməyiniz necə başladı?

-Mənim təhsil texnologiyaları sahəsinə gəlməyim şəxsi müşahidələr və sistem daxilində qazandığım təcrübə ilə bağlıdır. Karyerama Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində başlamışam. Bu mərhələdə təhsil sisteminin necə işlədiyini, qərarların hansı mexanizmlərlə qəbul edildiyini və real çağırışların hansı nöqtələrdə ortaya çıxdığını yaxından müşahidə etmək imkanı əldə etdim. Daha sonra İsveçrədə həm təhsil aldığım, həm də çalışdığım, eləcə də Çində fəaliyyət göstərdiyim müddətdə fərqli ölkələrin təhsil yanaşmalarını müqayisə etmək imkanı əldə etdim.

Pandemiya dövrü isə dönüş nöqtəsi oldu. Onlayn dərslər zamanı gördüm ki, texnologiya yalnız video ötürmək vasitəsinə çevrilib. Şagirdlər ekranda idi, amma öyrənmə təcrübəsi yox idi. Sosial interaksiya, komanda işi, emosional dinamika itmişdi. O zaman özümə sual verdim: “Texnologiya niyə sadəcə ötürücü rolunda qalmalıdır? Niyə o, öyrənməni aktiv və immersiv təcrübəyə çevirməsin?!” - Metatesk bu sualın cavabını tapmaq cəhdi idi.

-Sahibkarlıq qərarını verəndə sizi ən çox motivasiya edən nə idi?

Sahibkarlıq qərarını verərkən mənim üçün dönüş nöqtəsi ideyanın praktik olaraq işlədiyini görmək oldu. İlk immersiv mühit prototipini qurduğumuz zaman uşaqların reaksiyası çox aydın idi, onların diqqəti, sualları, aktiv iştirakı ənənəvi onlayn dərslərlə müqayisədə tamamilə fərqli idi. Bu artıq nəzəri konsepsiya deyildi; real mühitdə sınaqdan çıxmış və nəticə göstərən model idi. O anda anladım ki, əgər bu yanaşma kiçik miqyasda işləyirsə, onu sistemli şəkildə inkişaf etdirmək mümkündür.

Məni ən çox motivasiya edən məhz bu real nəticə oldu. Çünki sahibkarlıq qərarını emosional impulsla yox, sübut olunmuş təcrübəyə əsaslanaraq verdim. Gördüm ki, dəyişiklik mümkündür və onu daha geniş auditoriyaya çatdırmaq lazımdır. Bu qərar riskdən çox, potensialın böyüdülməsi idi.

-İlk uğursuzluğunuz nə olub və ondan nə öyrəndiniz?

İlk mərhələdə mən düşünürdüm ki, əgər məhsul həqiqətən yaxşıdırsa, hamı bunu dərhal anlayacaq. İlk immersiv mühiti qurduq, uşaqların reaksiyası çox müsbət idi və mən daxili olaraq əmin idim ki, növbəti mərhələ avtomatik şəkildə böyümə olacaq. Amma reallıq fərqli oldu. Bəzi təqdimatlar gözlədiyimiz nəticəni vermədi, bəzi tərəfdaşlıqlar baş tutmadı. O zaman anladım ki, “işləyir” demək kifayət deyil, bunu sistemli və ölçülə bilən formada sübut etmək lazımdır.

Bu mənə çox vacib bir dərs verdi: sahibkarlıqda emosional inam strateji planlamanı əvəz etmir. Yaxşı ideya yalnız başlanğıcdır.Onu doğru zamanda, doğru auditoriyaya və doğru arqumentlə təqdim etmək ayrıca bir bacarıq və strateji düşüncə tələb edir.

Həm də öyrəndim ki, təhsildə dəyişiklik tələsik olmur. Bu sahədə etibar qurmaq vaxt tələb edir. O uğursuzluq mənə səbir, struktur və daha rasional qərarvermə bacarığı qazandırdı. Bu gün biz hər addımı ölçərək və mərhələli şəkildə atırıq, çünki artıq bilirəm ki, davamlılıq sürətdən daha dəyərlidir.

-Ailənizin və ətrafınızın bu qərara reaksiyası necə oldu?

-Əslində, ilk mərhələdə həm dəstək, həm də narahatlıq var idi. Çünki mən stabil və aydın karyera yolu olan bir sahədən - dövlət qurumunda və akademik mühitdə çalışmaqdan - sahibkarlıq kimi daha riskli və qeyri-müəyyən bir istiqamətə keçirdim. Ailə üçün bu, təbii olaraq suallar yaradırdı. Amma mən qərarımı emosional deyil, düşünülmüş şəkildə verdiyim üçün zamanla bu narahatlıq inama çevrildi. Ailəm gördü ki, bu impulsiv addım deyil, uzun müddət müşahidə etdiyim bir ehtiyacın nəticəsidir. Ətrafımda isə reaksiyalar fərqli idi, bəziləri bunu cəsarət kimi qiymətləndirdi, bəziləri isə daha ehtiyatlı yanaşdı.

Zaman keçdikcə və nəticələr göründükcə dəstək daha da gücləndi. Sahibkarlıq təkbaşına aparılan yol kimi görünsə də, əslində yanında güvəndiyin insanların olması çox böyük psixoloji dayaqdır.

-Metatesk platformasının əsas məqsədi və fərqi nədir?

Metatesk-in əsas məqsədi öyrənməni passiv informasiya qəbulundan aktiv və təcrübə əsaslı prosesə çevirməkdir. Biz hesab edirik ki, müasir nəsil üçün sadəcə məlumat ötürmək kifayət deyil; vacib olan anlayışı dərinləşdirmək və onu tətbiq edə bilməkdir. Buna görə platforma immersiv və ssenari əsaslı mühit üzərində qurulub. Şagird mövzunu kənardan izləyən deyil, onun daxilində qərar verən iştirakçı olur. Məsələn, təbiət proseslərini və ya kosmik mövzuları sadəcə oxumaq əvəzinə, onları virtual mühitdə yaşayır, müşahidə edir və nəticələri analiz edir.

Fərqimiz ondadır ki, biz ənənəvi faktoloji sual-cavab modelindən uzaqlaşaraq, tətbiq və qərarvermə əsaslı yanaşma qurmuşuq. Platformada şagirdin davranış trayektoriyası, qərar ardıcıllığı və irəliləyiş səviyyəsi izlənir. Hazırda AI əsaslı adaptiv alətlər üzərində də işləyirik ki, sistem şagirdin anlayış tempinə uyğunlaşa bilsin. Məqsədimiz texnologiyanı nümayiş etdirmək deyil, onu pedaqoji məqsədə xidmət edən effektiv alətə çevirməkdir. Metatesk-i fərqləndirən əsas məqam da budur: texnologiya mərkəzdə deyil, öyrənmə keyfiyyəti mərkəzdədir.

-Azərbaycan bazarında edtech sahəsinin əsas problemləri hansılardır?

Təkcə Azərbaycanda deyil, bütün dünyada “edtech” sahəsinin əsas çağırışlarından biri innovasiyanın təhsil sisteminə inteqrasiyasının struktur baxımdan mürəkkəb olmasıdır. Təhsil sahəsi təbiət etibarilə daha konservativdir və bu, müəyyən mənada doğrudur, çünki burada riskin qiyməti yüksəkdir. Lakin bu, yeni texnologiyaların tətbiq sürətini ləngidə bilir. Məhsulun texniki olaraq işləməsi kifayət etmir; onun pedaqoji əsaslandırması, ölçülə bilən nəticələri və uzunmüddətli təsiri aydın şəkildə sübut olunmalıdır. Bununla yanaşı, bazarda keyfiyyətli və ölçülə bilən nəticə təqdim edən həllərin sayı hələ də məhduddur. Bu isə etibar məsələsini ön plana çıxarır. Mən hesab edirəm ki, “edtech” sahəsində əsas məsələ yalnız texnologiya qurmaq deyil, təhsil mühitinin ehtiyaclarını dərindən anlamaq və davamlı, sübut əsaslı model təqdim etməkdir. Potensial böyükdür, amma inkişaf mərhələli və sistemli yanaşma tələb edir.

-Məhsulunuzu inkişaf etdirərkən hansı texnoloji həllərdən istifadə edirsiniz?

Bizim üçün texnologiya daha da keyfiyyətli və effektiv öyrənmə mühiti yaratmaq üçün bir vasitədir. Platformanın əsasını immersiv VR / AR həllər təşkil edir. Bu həllər vasitəsilə şagirdlər interaktiv və ssenari əsaslı mühitlərdə iştirak edir, real vaxtda qərar verir və nəticələri müşahidə edə bilirlər. Biz 3D modelləşdirmə, fiziki proseslərin simulyasiyası və real vaxt interaktiv sistemlərdən istifadə edərək mövzuları vizual və tətbiq edilə bilən formaya gətiririk. Hazırda isə AI əsaslı adaptiv alətlər üzərində işləyirik ki, sistem şagirdin performansına əsaslanaraq məzmunun çətinlik səviyyəsini və izah strukturunu fərdiləşdirə bilsin.

Texnologiya seçərkən əsas prinsipimiz budur: hər həll pedaqoji məqsədə xidmət etməlidir. Yəni biz sadəcə texnoloji yenilik tətbiq etmirik; onu öyrənmə nəticəsini yaxşılaşdırmaq üçün strukturlaşdırırıq. Məqsədimiz immersiv və adaptiv təhsil mühiti qurmaqdır ki, şagird həm anlayış səviyyəsində, həm də tətbiq bacarığında real inkişaf göstərə bilsin.

-Komandanı necə formalaşdırdınız və liderlik üslubunuz necədir?

Komandanı formalaşdırarkən mənim üçün ən vacib meyar yalnız texniki bacarıq olmayıb. Metatesk həm texnologiya, həm də pedaqogika kəsişməsində qurulduğu üçün komandamız müxtəlif sahələrdən - texnologiya, dizayn və pedaqogika istiqamətlərindən olan mütəxəssislərdən ibarətdir. Amma əsas prinsip ortaq dəyər sistemi olub: uzunmüddətli baxış, məsuliyyət hissi və davamlı öyrənməyə açıq olmaq.

İlk mərhələdə komanda çox kiçik idi və mən öz şəxsi vəsaitim hesabına inkişaf prosesini dəstəkləyirdim. Bu dövrdə komandaya qoşulan insanlar yalnız maaş üçün deyil, ideyaya inandıqları üçün gəldilər. Mən hesab edirəm ki, startapın ilk mərhələsində texniki kompetensiya qədər motivasiya və dəyər uyğunluğu da vacibdir.

Liderlik üslubuma gəldikdə isə, mən struktur və aydınlıq tərəfdarıyam. Hər bir qərar məntiqə və məqsədə əsaslanmalıdır, komandanın hər üzvü isə gördüyü işin ümumi strategiyada hansı rolu oynadığını bilməlidir. Mən məsuliyyətin bölüşdürülməsinə və etimada əsaslanan modelə üstünlük verirəm, komanda üzvlərinə sahə üzrə sərbəstlik verilir, amma nəticələr ölçülə bilən və konkret olmalıdır. Mənim üçün liderlik nəzarət etmək deyil, istiqaməti müəyyənləşdirmək və insanların potensialını maksimum şəkildə reallaşdırması üçün mühit yaratmaqdır. Çünki startapda uzunmüddətli uğur fərdi bacarıqlardan yox, güclü və uyğunlaşa bilən komanda mədəniyyətindən asılıdır.

-İnvestorlarla işləmək təcrübəniz necə olub?

İlk mərhələdə biz məhsulu tamamilə öz resurslarımız hesabına qurduq və böyümək üçün “bootstrapping” modelini seçdik. Mən hesab edirəm ki, investor qarşısına çıxmazdan əvvəl model real mühitdə sınaqdan keçməli və dəyərini sübut etməlidir. Bu yanaşma bizə həm qərarvermədə müstəqillik verdi, həm də məhsulu bazar reallıqlarına uyğunlaşdırmaq imkanı yaratdı. Biz əvvəl nəticəni göstərdik, sonra kapital haqqında danışdıq.

Daha sonra qoşulduğumuz beynəlxalq akselerasiya proqramları və ekosistemlər vasitəsilə investorlarla əlaqələr daha sistemli və strateji mərhələyə keçdi. Mənim üçün investisiya sadəcə maliyyə deyil, uzunmüddətli tərəfdaşlıqdır. Təhsil sahəsində böyümə sürətli və aqressiv model üzərində qurulmur; burada etibar, sübut və davamlılıq əsasdır. Buna görə də bizim üçün əsas meyar vizyon uyğunluğudur. Əgər investor uzunmüddətli təsiri və mərhələli miqyaslanmanı anlayırsa, o zaman əməkdaşlıq real dəyər yaradır.

-Forbes jurnalının “30 Under 30” siyahısına düşmək sizin üçün nə ifadə edir?

Forbes “30 Under 30” siyahısına daxil olmaq mənim üçün şəxsi nailiyyətdən daha çox, gördüyümüz işin beynəlxalq səviyyədə tanınması idi. Bu, təkcə bir adın siyahıya düşməsi deyil, Azərbaycandan çıxan innovativ təşəbbüslərin qlobal platformada görünməsi deməkdir. Mən bunu fərdi uğur kimi deyil, daha geniş ekosistemin və komandamızın əməyinin qiymətləndirilməsi kimi qəbul edirəm.

Bu cür tanınma insanı qürurlandırır, amma eyni zamanda məsuliyyəti də artırır. Çünki artıq fəaliyyətiniz yalnız lokal kontekstdə deyil, beynəlxalq müstəvidə izlənilir. Bu isə standartları yüksəltməyi, qərarları daha strateji düşünməyi və uzunmüddətli təsiri daha ciddi planlamağı tələb edir.

Mənim üçün bu siyahı bir son nöqtə deyil, daha böyük hədəflərə doğru bir mərhələdir. Əsas dəyər titulda deyil, ondan sonra necə işləməkdədir. Əgər bu tanınma bu sahədə əzmlə çalışan gənclərə: “Bu mümkündür.” - mesajı verirsə, o zaman onun real mənası yaranır.

-Bu uğurdan sonra həyatınızda və biznesinizdə hansı dəyişikliklər oldu?

Forbes “30 Under 30” siyahısına daxil olduqdan sonra ən əsas dəyişiklik bizə qarşı olan diqqət dairəsinin genişlənməsi və üzərimizə düşən məsuliyyətin artması oldu. Fəaliyyətimiz artıq yalnız lokal müstəvidə deyil, beynəlxalq kontekstdə də izlənməyə başladı. Bu isə həm media marağını artırdı, həm də müxtəlif ölkələrdən yeni əməkdaşlıq və tərəfdaşlıq təklifləri yaratdı.

Xüsusilə xarici bazarlara çıxış baxımından imkanlar genişləndi. Daha çox beynəlxalq platformalara dəvət aldıq, qlobal ekosistemlə əlaqələrimiz gücləndi və strateji tərəfdaşlıq imkanları artdı. Bu, biznesin miqyaslanması üçün yeni perspektivlər açdı.

-Xarici bazarlara çıxış strategiyanız nədir?

Xarici bazarlara çıxış strategiyamız əsasən yerli tərəfdaşlıqlar üzərində qurulub. Biz birbaşa və təkbaşına genişlənmək əvəzinə, həmin ölkədə fəaliyyət göstərən təhsil qurumları və texnoloji tərəfdaşlarla əməkdaşlıq modelini seçirik. Bu yanaşma iki üstünlük yaradır: birincisi, məhsulun lokal kurikuluma və bazar xüsusiyyətlərinə uyğunlaşması daha sürətli və düzgün şəkildə həyata keçirilir; ikincisi isə institusional etimad daha tez formalaşır.

Hazırda əsas gəlir axınımızın Çin bazarından formalaşması bu modelin praktik effektivliyini göstərir. Lokal tərəfdaşlıq bizə həm bazarı daha dərindən anlamağa, həm də miqyaslanmanı daha strukturlaşdırılmış və davamlı şəkildə həyata keçirməyə imkan verir.

-Sizcə gələcəyin təhsili necə olacaq?

Mən hesab edirəm ki, gələcəyin təhsili daha fərdiləşdirilmiş, texnologiya ilə dəstəklənən və bacarıq əsaslı olacaq. Ənənəvi model uzun müddət eyni struktur üzərində qurulub - müəllim mərkəzli izah və faktların yadda saxlanması. Amma yeni nəsil fərqli düşünür, informasiya axını sürətlidir və diqqət dinamikası dəyişib. Buna görə təhsil də uyğunlaşmalıdır.

Gələcəkdə əsas dəyişiklik fərdiləşdirmə istiqamətində olacaq. Süni intellekt və adaptiv sistemlər şagirdin öyrənmə tempinə, səhvlərinə və qərarvermə modelinə uyğunlaşaraq fərqli təcrübə təqdim edə biləcək. Eyni sinifdə fərqli sürətlə irəliləyən şagirdlər üçün daha balanslı model qurmaq mümkün olacaq.

Eyni zamanda, təhsil daha çox tətbiq və problem həllinə fokuslanacaq. İnformasiya artıq əlçatandır. Əsas dəyər onu analiz etmək, əlaqələndirmək və real situasiyalarda tətbiq etmək bacarığında olacaq. Buna görə immersiv və interaktiv mühitlər daha çox rol oynayacaq.

Amma bir məsələ dəyişməyəcək: təhsil sosial proses olaraq qalacaq. Texnologiya güclü alətdir, lakin müəllimin rolu, komanda işi və insan münasibətləri əvəzolunmazdır. Mənim fikrimcə, gələcəyin ən effektiv modeli texnologiya ilə insan faktorunun balanslı inteqrasiyası olacaq.

-Süni intellekt məktəbləri əvəz edə bilərmi?

Qısa cavabım xeyrdir. Süni intellekt məktəbləri əvəz etməyəcək, amma onları dəyişəcək və gücləndirəcək. Təhsil yalnız informasiya ötürmək prosesi deyil. O, sosial mühit, dəyərlər sistemi, ünsiyyət, komanda işi və emosional inkişaf platformasıdır. Bu komponentlər isə insan qarşılıqlı əlaqəsi olmadan tam formalaşa bilməz.

Süni intellektin gücü fərdiləşdirmədədir. Sİ (AI) şagirdin öyrənmə tempini analiz edə, zəif nöqtələri müəyyənləşdirə və uyğunlaşdırılmış məzmun təqdim edə bilər. Bu, xüsusilə böyük siniflərdə müəllim üçün əlavə dəstəkdir. Amma mövcud şəraitdə Sİ (Aİ) empatiya, liderlik və sosial dinamikanı əvəz edə bilməz.

Mən gələcəyi: “Sİ müəllimin yerinə” - deyil: “Sİ müəllimlə birlikdə” - modeli kimi görürəm. Texnologiya müəllimin yükünü azaldaraq ona daha çox keyfiyyətli interaksiya üçün vaxt qazandıra bilər. Məktəb isə sosial mühit və insan inkişafı mərkəzi olaraq qalacaq.

-Azərbaycanda təhsil sistemində hansı dəyişiklikləri görmək istərdiniz?

Mən istərdim ki, məktəblərdə və universitetlərdə immersiv texnologiyaların - VR və AR əsaslı alətlərin - daha sistemli şəkildə tətbiqi başlasın. Çünki bir çox mövzu hələ də abstrakt izah üzərində qurulub. Halbuki şagird və tələbə anlayışı daha dərindən qavramaq üçün görməli, yaşamalı və tətbiq etməlidir. Məsələn, kosmosu, biologiyada hüceyrə proseslərini və ya fiziki hadisələri sadəcə oxumaqla deyil, üçölçülü və interaktiv mühitdə təcrübə etməklə öyrənmək anlayışın keyfiyyətini dəyişir.

Universitet səviyyəsində isə immersiv texnologiyalar laboratoriya simulyasiyaları, mühəndislik modelləri və tibbi təlimlər üçün güclü vasitə ola bilər. Bu, həm təhlükəsiz mühit yaradır, həm də resurslara qənaət edir. Xüsusilə laboratoriya imkanı məhdud olan mühitlərdə belə həllər təhsil imkanlarını bərabərləşdirə bilər.

Amma burada əsas məsələ texnologiyanı sadəcə avadanlıq kimi almaq deyil, onu pedaqoji modelə inteqrasiya etməkdir. Müəllim hazırlığı, kurikulum uyğunlaşdırılması və ölçülə bilən nəticə mexanizmi paralel şəkildə qurulmalıdır. Mən hesab edirəm ki, immersiv texnologiyalar düzgün tətbiq olunduqda təhsili daha tətbiq yönümlü, daha vizual və daha effektiv edə bilər.

-Azərbaycanda qadın sahibkar olmaq çətindir?

Sahibkarlıq özü-özlüyündə asan yol deyil - istər qadın, istər kişi üçün. Bu, risk, qeyri-müəyyənlik, davamlı qərarvermə və məsuliyyət tələb edən bir sahədir. Ölkəmizdə mövcud dəstək mexanizmləri - akselerasiya proqramları, dövlət təşəbbüsləri, beynəlxalq platformalara çıxış imkanları - hamı üçün açıqdır və mən də digər sahibkarlar kimi həmin imkanlardan istifadə etmişəm.

Texnologiya sahəsinə gəldikdə isə, qadınların bu sektorda təmsilçiliyi bütün dünyada hələ də aşağıdır. Beynəlxalq hesabatlara əsasən, texnologiya startaplarının təsisçiləri arasında qadınların payı təxminən 15–20% ətrafındadır və investisiyaların kiçik hissəsi qadınların rəhbərlik etdiyi şirkətlərə yönəlir. Bu fərqin formalaşmasında tarixi və struktur amillər, o cümlədən sahə üzrə formalaşmış stereotiplər və kapital şəbəkələrinə çıxış imkanlarının qeyri-bərabərliyi rol oynayır.

Bununla yanaşı, son illərdə qadınların texnologiya və sahibkarlıq sahəsində daha aktiv rol alması müsbət dinamikanın formalaşdığını göstərir.

-Qadınların texnologiya sahəsində iştirakını artırmaq üçün nə edilməlidir?

Məncə, bu istiqamətdə ən vacib addım erkən mərhələdən başlanmalıdır. Qızların STEM sahələrinə - elm, texnologiya, mühəndislik və riyaziyyata - marağını artırmaq üçün real rol modellərinin görünməsi, mentorluq proqramlarının genişlənməsi və şəbəkələşmə imkanlarının yaradılması böyük əhəmiyyət daşıyır. Əgər gənc qız texnologiya sahəsində uğur qazanmış insanları görür və onlarla birbaşa fikir mübadiləsi aparmaq imkanı əldə edirsə, bu, onun seçimlərinə və özünə inamına ciddi təsir göstərir.

Eyni zamanda, qlobal statistika göstərir ki, qadın təsisçilərin investisiya əldə etmə payı hələ də daha aşağıdır. Bu baxımdan investisiya mühitində obyektiv və performans əsaslı qiymətləndirmə mexanizmlərinin gücləndirilməsi vacibdir. Meyar ideyanın keyfiyyəti, bazar potensialı və icra qabiliyyəti olmalıdır, stereotiplər deyil.

-Gənc qızlara nə tövsiyə edərdiniz?

-İlk növbədə demək istərdim ki, seçimlərinizdən qorxmayın və öz potensialınızı əvvəlcədən məhdudlaşdırmayın. Çox vaxt insanı dayandıran xarici maneələr deyil, daxili tərəddüdlər olur. Əgər hər hansı sahəyə marağınız varsa – istər texnologiya, istər elm, istər sahibkarlıq - onu sınamaqdan çəkinməyin. Qərar vermək üçün “tam hazır olmaq” hissini gözləməyin. İnkişaf məhz prosesin içində formalaşır.

İkinci vacib məsələ kompetensiya üzərində fokuslanmaqdır. İstənilən sahədə sizi fərqləndirən amil bilik, bacarıq və nəticədir. Oxuyun, araşdırın, sual verin, praktiki təcrübə qazanın. Erkən yaşdan layihələrdə iştirak etmək, mentor tapmaq və şəbəkələşmək çox önəmlidir. İmkanları gözləmək yox, onları axtarmaq lazımdır.

Üçüncü tövsiyəm isə davamlılıqla, əzmkarlıqla bağlıdır. Uğur birdən gəlmir və hər yol düz xətt üzrə irəliləmir. Çətinliklər qaçılmazdır, amma məhz o mərhələlər insanı formalaşdırır. Mən inanıram ki, əgər insan öz üzərində sistemli işləyirsə və nəticə göstərməyə fokuslanırsa, gec-tez hədəflərinə nail olur.

Özünüz üçün böyük və iddialı hədəflər müəyyən edin. Təkcə şəxsi uğur üçün deyil, ölkə və cəmiyyət üçün dəyər yaradan işlər görməyə çalışın. Uğur qazandıqca isə əldə etdiyiniz təcrübə və imkanlarla başqalarına da dəstək olmağa çalışın.

Aynur Bayramova
Fins.az

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Davamlılıq sürətdən daha dəyərlidir” – Günay İmzanzadə ilə müsahibə — Fins.az — Fins.az