BOKT “International” ASC-nin likvidlik mövqeyi kifayət qədər güclüdür – Kamil Lətifov

BOKT “International” ASC-nin likvidlik mövqeyi kifayət qədər güclüdür – Kamil Lətifov

PR
598

Kənar auditin nəticələri, maliyyə göstəricilərindəki artım, kredit portfelinin keyfiyyəti və risklərin idarə olunması ilə bağlı vəziyyət BOKT “International” ASC-də dayanıqlı inkişaf və güclənən maliyyə mövqeyini ortaya qoyur.

Şirkətin İdarə Heyətinin üzvü, sədr müavini və Baş Risk Direktoru Kamil Lətifov Fins.az-a müsahibəsində 2025-ci ilin əsas maliyyə nəticələrini və strateji göstəricilərini şərh edib.

– Kamil bəy, kənar audit yoxlamasının ümumi nəticələri necə olub və auditor rəyi nədir?

– Kənar auditin yekun nəticələrinə əsasən, təşkilatımızın maliyyə hesabatlarına “müsbət rəy” verilib. Bu, o deməkdir ki, təşkilatın maliyyə fəaliyyəti və hesabatlılığı tam şəffaf şəkildə aparılıb, hesabatlar isə real maliyyə vəziyyətini – gəlirlər, aktivlər, öhdəliklər və əməliyyat nəticələrini düzgün əks etdirir.

Eyni zamanda, maliyyə hesabatlarımız beynəlxalq maliyyə hesabatları standartlarına uyğun hazırlanıb. Bu nəticə həm tənzimləyici qurumlar, həm investorlar, həm də tərəfdaş maliyyə institutları üçün mühüm etimad göstəricisi hesab olunur.

– Audit hesabatına əsasən, ötən maliyyə ili üzrə əsas göstəricilərdə hansı dəyişikliklər qeydə alınıb?

– 2025-ci ilin maliyyə nəticələri şirkətimizin dayanıqlı inkişaf mərhələsində olduğunu bir daha təsdiqləyir. Audit nəticələrinə əsasən, ötən illə müqayisədə aktivlərimiz təxminən 15 milyon manat artıb ki, bu da ciddi böyüməni göstərir. Bu artım həm kredit portfelinin genişlənməsi, həm də maliyyə resurslarının daha effektiv idarə olunması ilə bağlıdır.

Kapital göstəricilərimizdə 2 milyon manatdan artıq artım qeydə alınıb ki, bu da maliyyə dayanıqlığının gücləndiyini göstərir. Xalis mənfəət isə təxminən 800 min manat artıb. Bu müsbət dinamika əməliyyat effektivliyinin yüksəlməsi, risklərin düzgün idarə olunması və kredit portfelinin keyfiyyətinin qorunması ilə bağlıdır.

Ümumilikdə bu göstəricilər BOKT-un bazardakı mövqeyinin gücləndiyini və uzunmüddətli inkişaf strategiyasının uğurla icra olunduğunu göstərir.

– Auditorlar kredit portfelinin keyfiyyətini necə qiymətləndiriblər?

– Audit nəticələrinə görə, kredit portfelimizin keyfiyyəti qənaətbəxş və dayanıqlı qiymətləndirilib. Cari kredit portfelimiz 53 mln manat təşkil edir və keçən illə müqayisədə 15 mln manat artım olub.

PAR göstəricilərimiz də bazar standartlarına uyğun şəkildə tənzimlənir və portfelin keyfiyyətinə nəzarət davamlı olaraq həyata keçirilir.

– Kamil bəy, audit qiymətləndirilməsinə əsasən təşkilatın öhdəliklərini yerinə yetirmə qabiliyyəti hansı səviyyədədir?

– Audit nəticələri göstərir ki, BOKT-un likvidlik mövqeyi kifayət qədər güclüdür və şirkət öz cari və uzunmüddətli öhdəliklərini vaxtında icra etmək imkanına malikdir.

Hazırda təşkilatın aktivləri 60 milyon manatdan artıqdır və bu göstərici maliyyə dayanıqlığımızın əsas indikatorlarından biridir.

– Kapital adekvatlığı göstəriciləri gələcək inkişafı dəstəkləmək üçün yetərlidirmi?

– Audit hesabatı göstərir ki, kapital adekvatlığı göstəricilərimiz həm mövcud fəaliyyətin davamlılığı, həm də gələcək inkişaf planlarının maliyyələşdirilməsi baxımından kifayət qədər güclüdür.

Kapitalımız 2025-ci ilin sonuna 14 154 min AZN təşkil edir və bu göstərici ötən illə müqayisədə 2 mln manat artıb. Bu da təşkilatın əsas dayanıqlıq göstəricilərindən biridir.

– Audit hesabatında qeyd olunan əsas maliyyə və əməliyyat riskləri hansılardır və risk menecment sistemi buna nə dərəcədə hazırdır?

– Maliyyə sektorunda fəaliyyət göstərən hər bir təşkilat kimi, BOKT da kredit riski, likvidlik riski, əməliyyat riski, bazar riski və kibertəhlükəsizlik riskləri ilə qarşılaşa bilər.

Audit zamanı bu istiqamətlər üzrə mövcud nəzarət mexanizmləri və risklərin idarə olunması prosedurları geniş şəkildə təhlil olunub. Auditorların rəyinə əsasən, tətbiq etdiyimiz risk menecment sistemi potensial riskləri vaxtında müəyyən etməyə, qiymətləndirməyə və minimuma endirməyə imkan verir.

Xüsusilə kredit portfelinin davamlı monitorinqi, ehtiyatların adekvat formalaşdırılması və qabaqlayıcı nəzarət mexanizmləri maliyyə dayanıqlığımızı gücləndirir.

Bununla yanaşı, daxili proseslərin rəqəmsallaşdırılması və avtomatlaşdırılması əməliyyat risklərinin azalmasına ciddi təsir göstərib. Bu yanaşma həm insan səhvlərini minimuma endirir, həm də qərarverməni daha operativ və şəffaf edir.

Eyni zamanda təşkilatın dayanıqlılığına təsir edə biləcək bazar stressləri üçün mütəmadi stress testlər aparılır.

– Kənar audit hesabatı ictimaiyyətə və səhmdarlara tam şəkildə açıqlanacaqmı?

– Şəffaflıq və hesabatlılıq prinsipləri fəaliyyətimizin əsas prioritetlərindəndir. Audit hesabatının tam mətni və rəhbərliyə təqdim olunan “Management Letter” səhmdarlara tam şəkildə təqdim olunub.

Eyni zamanda, qanunvericilik və tənzimləyici tələblərə uyğun olaraq maliyyə hesabatları paketi rəsmi internet resurslarımız üzərindən ictimaiyyətə açıqlanacaq.

Biz hesab edirik ki, açıq və şəffaf kommunikasiya investor etimadının formalaşmasında və korporativ reputasiyanın qorunmasında mühüm rol oynayır.

– Kamil bəy, qiymətli kağızlar (istiqraz) portfeliniz nə qədərdir və şərtlər necədir?

– 2025-ci ilin sonuna istiqraz portfelimiz 23 mln AZN təşkil edir. 2024-cü illə müqayisədə portfeldə 3 mln AZN artım qeydə alınıb.

Bu artım həm investor marağının yüksəlməsi, həm də şirkətin kapital bazarlarında etibarlı iştirakçı kimi qəbul olunmasının nəticəsidir. Portfelin genişlənməsi maliyyə resurslarımızın daha diversifikasiya olunmuş şəkildə idarə olunmasına imkan yaradır və ümumi likvidlik mövqeyini gücləndirir.

İstiqraz şərtlərimiz isə müxtəlif formalardadır və orta hesabla 18 faizə qədər gəlirlilik təqdim edirik. Məqsədimiz həm institusional, həm də fərdi investorlar üçün etibarlı, şəffaf və stabil gəlir gətirən investisiya alətləri təqdim etməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...