Aygün Əliyeva: “Azərbaycan məhsullarının ərəb və Afrika bazarlarına çıxışına dəstək göstəriləcək"

Aygün Əliyeva: “Azərbaycan məhsullarının ərəb və Afrika bazarlarına çıxışına dəstək göstəriləcək" 

MÜSAHİBƏ
1,159

Fins.az  Beynəlxalq İnvestisiya Konsultantı, vəkil, iş xanımı Aygün Əliyevadan müsahibə alıb. Aygün Əliyeva Bakıda bir neçə dəfə Türk iş adamlarının sərgisini təşkil edib. Türkiyənin investorlarını Azərbaycana gətirib. Bununla da iki ölkə arasında investisiya axınlarının artmasına öz töhfəsini verib. Müsahibədə o,  planlaşdırdığı sərgilərlə bağlı danışıb.  

-Aygün xanım, Azərbaycan və Türkiyədə bir çox hüquq qurumlarında fəal olduğunuz göstərilir. Bu təcrübəniz sizin beynəlxalq hüquq sahəsində fəaliyyətinizə necə təsir edib?

-Mən ibtidai təhsilimi Ankarada, orta təhsilimi Bakıda almışam. Hüquq üzrə bakalavr və magistr təhsilimi Bakı Dövlət Universitetində almışam. Hazırda həmin universitetin Əmək Hüququ Kafedrasında dissertant olaraq fəaliyyət göstərirəm. Təhsilimi Ankara Hacı Bayram Veli Universitetinin hüquq fakultəsində tamamlamışam. Azərbaycan Vəkillər Kollegiyasının və İstanbul 2 nömrəli Vəkillər Kollegiyasının üzvü, Beynəlxalq Hüquq Komissiyasının sədri, Azərbaycan və Türkiyə Mediasiya Şuralarının üzvü, Türkiyə Palatalar və Birjalar Birliyinin "TOBBUYUM" Mediasiya və Mübahisələrin Həlli Mərkəzinin arbitraj hakimi və Pakistanın İslamabad və Lahor Vəkillər Kollegiyalarının fəxri üzvüyəm. Eyni zamanda, Türkiyədə Beynəlxalq Hüquqşünaslar Birliyinin İdarə Heyətinin üzvü, Türk Dünyası İş İnsanları Birliyinin Məsləhət Şurasının üzvü, Azərbaycan-Türkiyə Hüquq Platformasının həmsədriyəm.

İş dünyasında isə Türkiyə İstanbul mərkəzli, 50-yə yaxın ölkədə fəaliyyət göstərən “ROK Uluslararası Danışmanlık ve Expo” firmasının təsisçisi, Türk Ticarət Sərgisinin layihə rəhbəri və təşkilatçısıyam.

İctimai fəaliyyətlərə olan həvəsim mənim qeyri-hökumət təşkilatlarında aktiv iştirakımı təmin edib. 2015-2019-cu illərdə Azərbaycanda Gənc Hüquqşünaslar Birliyinin sədr müavini, Türkiyədə Beynəlxalq Hüquqşünaslar Birliyinin İdarə Heyətinin üzvü olmuşam. 2016-cı ildə qurduğumuz Azərbaycan-Türkiyə Hüquq Platformasının həmsədri, 2018-2021-ci illərdə isə Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin baş katibi vəzifəsində çalışmışam.

İstənilən ölkənin davamlı iqtisadi uğuru və vətəndaşlarının rifahı qanunun aliliyinə bağlıdır. Hüquq və iqtisadiyyat bir-birindən ayrılmazdır: iqtisadiyyat istehsal və ticarət, hüquq isə bu prosesləri təmin edən münasibətlərdir. Qanun iqtisadiyyatın damarları kimidir; qanun nə qədər effektiv işləsə, iqtisadi uğur da bir o qədər yüksək olacaq.

-Aygün xanım, “Türk Ticarət Sərgisi" kimi böyük bir platformanı təşkil edərkən qarşılaşdığınız əsas çətinliklər nələr olub və bu sərgi türk dövlətlərinin iş dünyasına hansı təsirləri göstərib?

-Türk dövlətləri iş dünyası mənim əsas fəaliyyət istiqamətimdir. Bu sahədə ən böyük layihəm “Türk Ticarət Sərgisi”dir. Sərgi və forum Türk dövlətlərinin iş dünyasını bir araya gətirən ən böyük platformadır və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirmək məqsədini daşıyır. Sərginin birincisini 7-8 noyabr tarixlərində İstanbulda, ikincisini isə 10-12 iyun tarixlərində Bakıda təşkil etmişəm. Bakıda üç gün ərzində keçirilən sərgi və forum çərçivəsində “Türk dövlətləri iqtisadiyyatı”, “Türk dövlətlərində kənd təsərrüfatı ticarəti və imkanları”, “Kommersiya mübahisələrinin həllində arbitraj və mediasiya”, “Türk dövlətlərində rəqəmsal ticarət”, “Türk dünyası biznes qadınları zirvəsi”, “Akademik istiqamətlər”, “Startaplar və investisiyalar”, “Türk dünyasında mediyanın gücü” mövzularında panel müzakirələri təşkil olunub. Forum çərçivəsində 20 ölkədən 30-a yaxın sahəni əhatə edən qabaqcıl texnologiyalar və məhsullar nümayiş etdirilib. Bunlara ticarət, enerji, yaşıl iqtisadiyyat, turizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlar da daxildir. Eyni zamanda, ikitərəfli görüşlər keçirilib, şirkətlərin strateji tərəfdaşlıqları qurulub və türk dövlətlərinin ortaq brendlərinin yaradılması ilə bağlı müzakirələr aparılıb.

-Qarşıda hansı sərgiləri təşkil edəcəksiniz?

-Hazırda 3-cü sərgi üzərində çalışıram; bu dəfə Özbəkistan və daha sonra Şimali Kipr Türk Respublikası və digər ölkələrdə davam edəcək. Bundan əlavə, Liviya, Suriya, Küveyt, Oman və digər ölkələrdə də yeni sərgiləri yerli təşkilatçılarla birgə keçirməyi planlaşdırırıq.

2026-cı il 12-15 oktyabr tarixlərində Liviyanın Tripoli şəhərində “Go Franchise” françayzinq və dilerlik sərgisini "ROK Expo və Saker Expo" ilə birgə təşkil edəcəyik. Məqsədimiz türk və azərbaycan məhsulları və texnologiyalarının ərəb və Afrika bazarına çıxışına dəstək verməkdir.

-Bu kimi sərgilərin Türkiyə ilə Azərbaycan arasında biznes əlaqələrinin genişlənməsinə nə kimi töhfə verəcək?

-Biz qardaş ölkələr olaraq, Türkiyə Ticarət Sərgisi ilə birlikdə əl-ələ verərək, həm gücümüzü, həm də iqtisadi inteqrasiyamızı daha da möhkəmləndirəcəyik. Bu platforma sayəsində türk iş dünyasında yeni uğur hekayələri yazılacaq, şirkətlərimiz arasında strateji tərəfdaşlıqlar formalaşacaq və ortaq layihələr həyata keçiriləcək. Eyni zamanda sərgilər biznes imkanlarının artmasına, investisiya axınının sürətlənməsinə və regional ticarət əlaqələrinin dərinləşməsinə xidmət edəcək. Beləliklə, həm Azərbaycanda, həm də Türkiyədə iş dünyası üçün yeni perspektivlər açılacaq, qarşılıqlı əməkdaşlıq daha davamlı və effektiv olacaq.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Aygün Əliyeva: “Azərbaycan məhsullarının ərəb və Afrika bazarlarına çıxışına dəstək göstəriləcək" — Fins.az — Fins.az