
Süni intellekt enerji sektorunda yeni investisiya dalğasını formalaşdırır - BCG
Süni intellekt (AI) enerji infrastrukturunda yeni imkanlar yaradır və mövcud proseslərin tam transformasiyasını tələb edir.
Fins.az xəbər verir ki, bu barədə Boston Consulting Group-un (BCG) idarəedici direktoru və baş tərəfdaşı, enerji praktikasının qlobal rəhbəri Pattabi Seşadri Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları” adlı sessiyada çıxışında bildirib.
Onun sözlərinə görə, süni intellektin inkişafı iri həcmli infrastruktur investisiyaları ilə paralel şəkildə gedir və bu proses xüsusilə data mərkəzlərinin tikintisi və hesablama gücünün artırılması ilə müşayiət olunur.
Seşadri qeyd edib ki, 2030-cu ilə qədər çip əsaslı hesablama gücləri üzrə təxminən 75 giqavatlıq əlavə gücün istifadəyə verilməsi gözlənilir. Bu isə hər giqavat üçün təxminən 50 milyard dollar investisiya ilə əlaqələndirilə bilər və qlobal miqyasda çox böyük kapital axını deməkdir.
BCG rəsmisi vurğulayıb ki, enerji sektoru artıq yüksək məhsuldarlıqlı hesablama sistemlərinin əsas istehlakçılarından birinə çevrilib, lakin bu tendensiya hələ ictimai müzakirələrdə kifayət qədər əks olunmur.
Onun fikrincə, süni intellektin tətbiqi iki əsas istiqamətdə inkişaf etməlidir: birincisi işçilərin gündəlik fəaliyyətində AI alətlərindən istifadə, ikincisi isə proqnozlaşdırıcı, generativ və agent əsaslı süni intellekt sistemləri vasitəsilə istehsal və idarəetmə proseslərinin kompleks şəkildə yenidən qurulmasıdır.
Seşadri əlavə edib ki, bu transformasiya enerji sektorunun daha səmərəli, çevik və rəqəmsal əsaslı modelə keçidini sürətləndirəcək.