
OpenAI yeni modeldə səhv nisbətini 37%-dən çox azaldıb
ABŞ-nin “OpenAI” şirkəti yeni nəsil çatbot modeli olan “GPT-5.5 Instant” versiyasını təqdim edib.
Fins.az xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında yayımlanan press-relizdə qeyd olunub.
Bildirilib ki, “GPT-5.5 Instant” bundan sonra “ChatGPT”nin pulsuz istifadəçiləri üçün əsas model olacaq və 2026-cı ilin mart ayında təqdim edilən “GPT-5.3 Instant” versiyasını əvəz edəcək. Eyni zamanda əvvəlki versiya ödənişli istifadəçilər üçün növbəti 3 ay ərzində alternativ seçim kimi əlçatan qalacaq.
Şirkətin açıqlamasına əsasən, yeni model daha dəqiq, anlaşıqlı və fərdiləşdirilmiş cavablar təqdim etmək imkanına malikdir. Daxili testlərin nəticələrinə görə, tibb, hüquq və maliyyə sahələrində yanlış məlumatların sayı 52,5%, ümumi səhvlərin səviyyəsi isə 37,3% azalıb.
Model “AIME 2025” riyaziyyat imtahanında 81,2 bal toplayıb. Müqayisə üçün əvvəlki versiyanın nəticəsi 65,4 bal olub. “MMMU-Pro” çoxmodallı düşünmə testində isə nəticə 69,2 baldan 76 bala yüksəlib.
“OpenAI” həmçinin qeyd edib ki, yeniləmədən sonra “ChatGPT” bütün modellər üzrə cavablarda istifadə olunan mənbələri göstərməyə başlayacaq. Bu dəyişiklik istifadəçilərə təqdim edilən məlumatların daha şəffaf şəkildə yoxlanmasına imkan verəcək.