
Azərbaycan Mərkəzi Bankı Dünya Bankının süni intellekt hesabatı prosesində təmsil olunub
Fins.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Dünya Bankının “Dünya İnkişaf Hesabatı 2026: İnkişaf üçün Süni İntellekt” (World Development Report 2026: Artificial Intelligence for Development) adlı flaqman nəşrinin hazırlanması çərçivəsində həyata keçirilən beynəlxalq məsləhətləşmə prosesində iştirak edib. Qlobal iqtisadi inkişaf və dövlət siyasəti sahəsində ən nüfuzlu analitik nəşrlərdən biri hesab olunan hesabat süni intellektin inkişaf etməkdə olan ölkələr üçün yaratdığı imkan və çağırışları qiymətləndirir.
Hesabatın konsept sənədinə əsasən, İİTKM sənədin hazırlanması zamanı məsləhətləşmələrə cəlb edilmiş nüfuzlu beynəlxalq təşkilatlar, dövlət qurumları, tədqiqat mərkəzləri, inkişaf tərəfdaşları və aparıcı texnologiya şirkətləri sırasında yer alıb. Məsləhətləşmə prosesində OpenAI, Microsoft, Google, Meta, NVIDIA, Amazon, Anthropic, Beynəlxalq Valyuta Fondu (IMF), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Asiya İnkişaf Bankı (ADB), Afrika İnkişaf Bankı (AfDB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), UNICEF, UNDP və süni intellekt sahəsində fəaliyyət göstərən çoxsaylı nüfuzlu tədqiqat və siyasət qurumları iştirak ediblər.
İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli Dünya Bankının hesabatını şərh edərək bildirib ki, süni intellekt iqtisadi artımı sürətləndirmək, məhsuldarlığı artırmaq, sahibkarlığı təşviq etmək, dövlət xidmətlərinin keyfiyyətini yüksəltmək və qərarqəbuletmə proseslərini təkmilləşdirmək potensialına malikdir. Onun sözlərinə görə, hesabatda xüsusilə vurğulanır ki, inkişaf etməkdə olan ölkələrin bu imkanlardan faydalanması üçün qabaqcıl süni intellekt modelləri yaratması zəruri deyil. Əsas prioritet mövcud süni intellekt texnologiyalarının yerli şəraitə, dillərə və inkişaf prioritetlərinə uyğunlaşdırılması, eləcə də onların səmərəli tətbiqidir.
Dünya Bankının qiymətləndirməsinə görə, süni intellekt inkişaf etməkdə olan ölkələrdə işçi qüvvəsini əvəz etməkdən daha çox onun imkanlarını genişləndirəcək, məhsuldarlığın və xidmət keyfiyyətinin yüksəlməsinə töhfə verəcək.
Hesabatda vurğulanır ki, rəqəmsal infrastruktur, institusional potensial, məlumatların idarə olunması və insan kapitalı süni intellektdən uğurla istifadə üçün əsas şərtlərdir. Eyni zamanda, süni intellekt dövlət qurumlarına proqnozlaşdırma imkanlarını gücləndirmək, resurslardan daha səmərəli istifadə etmək, şəffaflığı və hesabatlılığı artırmaq, eləcə də daha effektiv və vətəndaşyönümlü xidmətlər göstərmək imkanı yaradır.
Rəşad Nəcəfli bildirib ki, Dünya Bankının hesabatı süni intellektin yalnız texnoloji yenilik deyil, həm də inkişafın yeni mühərriki kimi qiymətləndirildiyini göstərir. Onun sözlərinə görə, İİTKM-in bu prosesdə iştirakı Azərbaycanın rəqəmsal transformasiya, sübutlara əsaslanan siyasət formalaşdırılması və məlumat əsaslı idarəetmə sahəsində təcrübəsinin beynəlxalq səviyyədə artan tanınmasının göstəricisidir. Həmçinin, hesabatda əks olunan yanaşmalar Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya siyasəti ilə üst-üstə düşür. Son illər ərzində məlumat əsaslı idarəetmə, elektron monitorinq sistemləri və süni intellekt həllərinin tətbiqi istiqamətində mühüm nəticələr əldə olunub.
Qeyd edək ki, İİTKM süni intellektin dövlət idarəçiliyində praktiki tətbiqi istiqamətində ölkədə aparıcı qurumlardan biridir. Mərkəz Azərbaycan Respublikasında həyata keçirilən strateji dövlət proqramlarının, strategiyaların və fəaliyyət planlarının monitorinq və qiymətləndirilməsini mərkəzləşdirilmiş “Smart Vahid Elektron Hesabatlılıq Platforması” üzərindən həyata keçirir. Platformada məlumatların toplanması, emalı, təhlili, risklərin müəyyənləşdirilməsi, nəticələrin qiymətləndirilməsi və qərarqəbuletmənin dəstəklənməsi məqsədilə süni intellekt texnologiyalarından geniş istifadə olunur.
İİTKM-in məlumat əsaslı idarəetmə və süni intellektin dövlət sektoruna inteqrasiyası sahəsində əldə etdiyi nəticələr beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib.
