Azərbaycan AİB-in regional rəqəmsal infrastruktur layihəsində yer alıb

Azərbaycan AİB-in regional rəqəmsal infrastruktur layihəsində yer alıb

IKT
1,147

Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit Okean regionunda rəqəmsal inteqrasiyanın genişləndirilməsi məqsədilə yeni regional texniki yardım layihəsinə start verib.

Fins.az xəbər verir ki, “Asiya və Sakit Okean regionunda Regional Dayanıqlılıq, İnfrastruktur, Məlumat və Açıq Tənzimləmələr vasitəsilə Sərhədlərarası İmkanlar (CORRIDOR)” adlı təşəbbüs çərçivəsində Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə regional rəqəmsal dəhlizlərin yaradılması nəzərdə tutulur.

AİB-nin yaydığı texniki yardım hesabatına əsasən, layihə Asiya-Sakit Okean Rəqəmsal Magistralının (APDH) əməliyyat mexanizmi kimi fəaliyyət göstərəcək. Təşəbbüsün əsas məqsədi 2035-ci ilədək 1,5 milyard insanı rəqəmsal bağlantı ilə əhatə etmək və 20 milyard dollarlıq strateji investisiyanın səfərbər olunmasına şərait yaratmaqdır.

Layihədə Azərbaycanla yanaşı Banqladeş, Çin, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Monqolustan, Pakistan, Filippin, Şri-Lanka, Tailand, Türkmənistan, Özbəkistan və Vyetnam iştirak edir.

AİB bildirir ki, texniki yardım proqramı region ölkələri arasında iqtisadi artımın sürətləndirilməsi, dayanıqlığın artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədilə rəqəmsal infrastrukturun inkişafına dəstək verəcək. Bu çərçivədə genişzolaqlı internet şəbəkələri, məlumat mərkəzləri, bulud xidmətləri və rəqəmsal ictimai infrastrukturun inkişafı əsas prioritetlər sırasında yer alır.

Layihə həmçinin sərhədlərarası rəqəmsal xidmətlərin, ağıllı sərhəd sistemlərinin və rəqəmsal ticarətin inkişafını nəzərdə tutur. Məqsəd təchizat zəncirlərinin səmərəliliyini artırmaq, əməliyyatların fasiləsizliyini təmin etmək və məlumat mübadiləsini sürətləndirməkdir.

Təşəbbüs çərçivəsində süni intellekt əsaslı sistemlərin tətbiqi, kibertəhlükəsizlik, məlumatların idarə olunması və rəqəmsal qanunvericiliyin uyğunlaşdırılması istiqamətində də işlər aparılacaq. Model qanunların hazırlanması, tənzimləyici “sandbox” mexanizmlərinin yaradılması və rəqəmsal ictimai infrastrukturun uyğunlaşdırılması planlaşdırılır.

Layihənin ümumi texniki yardım büdcəsi 1 milyon ABŞ dolları təşkil edir. Bunun 700 min dolları regional rəqəmsal dəhlizlərin hazırlanmasına, 125 min dolları rəqəmsal ictimai infrastruktur və süni intellekt həllərinə, 125 min dolları isə potensialın artırılması və bilik mübadiləsinə yönəldiləcək.

Layihənin icrası 2026-cı ilin may ayından 2030-cu ilin aprel ayınadək davam edəcək. İcraedici qurum kimi AİB-nin Rəqəmsal Sektor Ofisi çıxış edəcək.

AİB vurğulayır ki, təşəbbüs gələcəkdə CAREC, ASEAN, BIMSTEC, GMS və SASEC çərçivələrində yeni regional rəqəmsal investisiya layihələrinin hazırlanmasına zəmin yaradacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan AİB-in regional rəqəmsal infrastruktur layihəsində yer alıb — Fins.az — Fins.az