
Asiya İnkişaf Bankı Azərbaycanda da iştirak edilən CORRIDOR layihəsini nəzərdən keçirir
Fins.az - Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın da iştirak etdiyi yeni regional təşəbbüsü – “Cross-border Opportunities via Regional Resilience, Infrastructure, Data, and Open Regulations” (CORRIDOR) layihəsini nəzərdən keçirir.
Məlumata görə, Xüsusi Texniki Yardım Fondunun 1 milyon ABŞ dolları məbləğində dəstəklədiyi layihə Asiya və Sakit okean regionu ölkələrində iqtisadi artımın sürətləndirilməsi, dayanıqlığın və rəqabət qabiliyyətinin artırılması məqsədilə regional rəqəmsal dəhlizlərin inkişafına yönəlib.
Azərbaycanla yanaşı, təşəbbüs Banqladeş, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Monqolustan, Pakistan, Filippin, Çin, Şri-Lanka, Tailand, Türkmənistan, Özbəkistan və Vyetnam da daxil olmaqla geniş coğrafiyanı əhatə edir.
“CORRIDOR” proqramı Association of Southeast Asian Nations, Central Asia Regional Economic Cooperation, Greater Mekong Subregion, Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation və South Asia Subregional Economic Cooperation kimi əsas subregional platformalar çərçivəsində təhlükəsiz və inklüziv sərhədlərarası rəqəmsal transformasiyanın təşviqinə xidmət edir.
Təşəbbüs Asia-Pacific Digital Highway və Connect Asia-Pacific layihələrinin həyata keçirilməsi üçün ilkin layihələndirmə və tənzimləyici hazırlıq mexanizmi kimi təqdim olunur.
Layihənin əsas istiqamətlərinə isə aşağıdakılar daxildir:
regional əlaqəliliyin və rəqəmsal infrastrukturun (fiberoptik şəbəkələr, data mərkəzləri, bulud xidmətləri) inkişafı;
ticarətin rəqəmsallaşdırılması və “ağıllı sərhəd sistemləri”nin tətbiqi;
yaşıl data infrastrukturu və süni intellekt əsaslı sistemlərin uyğunlaşdırılması;
texnoloji sahibkarlıq və innovasiya ekosistemlərinin dəstəklənməsi;
kibertəhlükəsizlik və məlumatların idarə olunması sahəsində vahid tənzimləmə mexanizmlərinin yaradılması.