
Aqrar sahədə süni intellekt layihələri üçün üçtərəfli əməkdaşlıq vacibdir - Fariz İsmayılzadə
Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi süni intellekt texnologiyalarının tətbiqində əsasən sifarişçi rolunu oynayır.
Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Fariz İsmayılzadə parlamentin Aqrar siyasət komitəsində keçirilən “Kənd Təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə bildirib.
Sədr müavini vurğulayıb ki, süni intellekt tətbiqlərini özəl sektor hazırlamalıdır. O qeyd edib ki, proqramçı qrupları yaradılmalı, startaplar və yerli layihələr inkişaf etdirilməlidir:
“Dövlət qurumları sifarişçi, özəl sektor məhsul ortaya qoyur, elmi müəssisələr isə kadr hazırlayır. Əgər bu üçtərəfli tərəfdaşlıq olarsa, Azərbaycan proqramçıları regional bazara da məhsullar sata bilər və bundan gəlir əldə edə bilər.”
Fariz İsmayılzadə əlavə edib ki, məqsəd yalnız yerli bazara xidmət göstərmək deyil, həm də Orta Asiya, Cənubi Qafqaz, Rusiya və Yaxın Şərq kimi regional bazarlarda tətbiqlər və həllər təqdim etməkdir.
Bu yanaşma, nazirliyin sifarişçi rolunda çıxış etməsi və özəl sektorun təşəbbüsləri ilə birgə süni intellektin aqrar sahədə inkişafını sürətləndirmək məqsədini daşıyır.
Fuad Mədətov
Fins.az