Aqrar dron və robot texnologiyaları məhsuldarlığı artıracaq - Vüqar İskəndərov

Aqrar dron və robot texnologiyaları məhsuldarlığı artıracaq - Vüqar İskəndərov

IKT
381

Azərbaycan kənd təsərrüfatında növbəti mərhələdə ağıllı modellərə keçid edir.

Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Vüqar İskəndərov komitədə keçirilən ictimai dinləmədə məlumat verib.

Deputat bildirib ki, “Ağıllı fermer” milli süni intellekt platforması və aqrar dron-robot texnologiyaları kənd təsərrüfatında innovativ transformasiyanın əsas təşəbbüsləridir.

“Ağıllı fermer” platforması çərçivəsində dövlət və aqrar qurumların məlumat bazaları inteqrasiya olunacaq, fermerlər mobil tətbiq vasitəsilə tövsiyələr ala biləcəklər. Bu tövsiyələr arasında torpaq rütubəti və məhsul vəziyyətinin analizi, xəstəlik və zərərvericilərin erkən aşkarlanması, optimal suvarma və gübrələmə vaxtının müəyyənləşdirilməsi, həmçinin regionlar üzrə məhsuldarlıq proqnozları yer alır.

Aqrar dron və robot texnologiyaları isə sahələrin monitorinqi və xəritələnməsi, dəqiq pestisid və gübrə səpilməsi, avtomatlaşdırılmış əkin və məhsul yığımı imkanları yaradacaq, israfçılığı azaldacaq.

V. İskəndərov həmçinin Azərbaycan Dövlət Aqrar Universitetində süni intellekt və aqrar texnologiyalar üzrə laboratoriyaların yaradılmasının sürətləndirilməsinin vacib olduğunu vurğulayıb. Deputatın sözlərinə görə, bu yanaşmalar su və gübrə istifadəsini azaldaraq məhsuldarlığı artıracaq və kənd təsərrüfatında rəqabətliliyi yüksəldəcək.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Aqrar dron və robot texnologiyaları məhsuldarlığı artıracaq - Vüqar İskəndərov — Fins.az — Fins.az