
Yer orbitində 33 mindən çox obyekt yüksək sürətlə hərəkət edir
Fins.az - Məlumatlara görə, hazırda Yer kürəsinin ətrafında izlənən 33 min 269 obyekt mövcuddur. Onların 12 min 550-si kosmik tullantı hesab olunur.
Yer orbitindəki süni obyektlərin ümumi kütləsi 15,8 min tondan çoxdur. Bu obyektlərin əksəriyyəti saatda 28 min kilometrə qədər sürətlə hərəkət edir.
Mütəxəssislər bildirirlər ki, hətta kiçik ölçülü qalıqlar belə peyklərə ciddi zərər vura və yeni kosmik tullantıların yaranmasına səbəb ola bilər.
May ayının məlumatına əsasən, fəaliyyət göstərən hər on peykə təxminən yeddi izlənən kosmik tullantı obyekti düşür.
Orbitdəki obyektlərin təxminən 17 min 700-ü peyk və faydalı yüklərdən ibarətdir. Qalan hissəni isə raket qalıqları, fəaliyyətini dayandırmış kosmik aparatlar və müxtəlif qəza və toqquşmalar nəticəsində yaranmış fraqmentlər təşkil edir.