WUF13: UN-Habitat 2026–2029 strateji planının icrasına başlayıb

WUF13: UN-Habitat 2026–2029 strateji planının icrasına başlayıb

DÜNYA
243

Qlobal mənzil böhranının aradan qaldırılması üçün beynəlxalq əməkdaşlıq və ortaq fəaliyyət mexanizmlərinin gücləndirilməsi əsas prioritetlərdən biri hesab olunur.

Fins.az xəbər verir ki, bu barədə UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Qlobal tərəfdaşlıq və qərar qəbulu” mövzusunda QHT Forumunda bildirib.

Rossbax qeyd edib ki, heç bir təşkilat qlobal mənzil böhranını təkbaşına həll etmək imkanına malik deyil və bu istiqamətdə hökumətlər, beynəlxalq qurumlar, özəl sektor və vətəndaş cəmiyyəti arasında koordinasiyalı əməkdaşlıq vacibdir.

UN-Habitat rəsmisinin sözlərinə görə, hazırkı mərhələ təşkilat üçün strateji baxımdan xüsusi əhəmiyyət daşıyır, çünki qurum 2026–2029-cu illəri əhatə edən yeni strateji planının icrasına başlayıb.

O bildirib ki, yeni strateji plan çərçivəsində hamı üçün mənzil təminatı, torpaq və əsas xidmətlərə çıxışın genişləndirilməsi, qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası və həssas ərazilərin dəstəklənməsi əsas prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

Anaklaudia Rossbax vurğulayıb ki, UN-Habitat-ın yaradılmasından 50 il və Yeni Şəhər Gündəliyinin qəbulundan 10 il sonra beynəlxalq ictimaiyyət artıq yalnız mənzil tikintisinin kifayət etmədiyini anlayır.

Onun sözlərinə görə, əsas məqsəd sadəcə yaşayış binaları inşa etmək deyil, uzunmüddətli və dayanıqlı işləyən sistemlərin formalaşdırılmasıdır.

Rossbax əlavə edib ki, şəhərlərin inkişafı ilə yanaşı, sosial həmrəylik, icma münasibətləri və ictimai müqavilə anlayışlarının da gücləndirilməsi vacibdir.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçirilir. Forum çərçivəsində qlobal mənzil böhranı, urbanizasiya, dayanıqlı şəhər inkişafı və beynəlxalq əməkdaşlıq məsələləri üzrə geniş müzakirələr aparılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
WUF13: UN-Habitat 2026–2029 strateji planının icrasına başlayıb — Fins.az — Fins.az