UCLG baş katibi qlobal mənzil böhranının artan təsirlərini açıqlayıb

UCLG baş katibi qlobal mənzil böhranının artan təsirlərini açıqlayıb

DÜNYA
255

Mənzil sahəsində mövcud qlobal gündəliyin gələcəkdə demokratiyanın inkişafına ciddi təsir göstərə biləcəyi və bu istiqamətdə risklərin artdığı bildirilir.

Fins.az xəbər verir ki, bu barədə Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Təşkilatının (UCLG) baş katibi Emiliya Saiz Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Qlobal mənzil böhranı: fəaliyyət planı necə olmalıdır?” mövzusunda dialoq zamanı çıxış edib.

Onun sözlərinə görə, mənzil böhranı artıq yalnız Qlobal Şimal və ya Qlobal Cənub problemi deyil, eyni zamanda həm inkişaf, həm də demokratiya üçün struktur xarakterli çağırışa çevrilib.

Emiliya Sais bildirib ki, hazırda problem yalnız qeyri-rəsmi yaşayış məntəqələrinin modernləşdirilməsi ilə məhdudlaşmır, həm də işləyən, lakin mənzilə çıxış problemi yaşayan əhalini də əhatə edir. Onun fikrincə, bu, yeni deyil, lakin bu gün daha görünən və daha geniş miqyaslı bir problemə çevrilib.

Baş katib qeyd edib ki, bir çox şəhərlərdə sosial mənzil siyasəti düzgün planlaşdırılmadan həyata keçirilir və bu da mövcud problemləri daha da dərinləşdirir.

Onun sözlərinə görə, bəzi ölkələrdə qeyri-rəsmi yaşayış ərazilərində yaşayan insanların köçürülməsi praktikası davam edir ki, bu da həm sosial, həm də iqtisadi səbəblərlə əlaqələndirilir.

Emiliya Sais vurğulayıb ki, yerli və regional hakimiyyət orqanları mənzil probleminin həm səbəbi, həm də həlli prosesində əsas rol oynayır.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Forum “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusunda qlobal dialoq platforması kimi çıxış edir və şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf məsələlərini gündəmdə saxlayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
UCLG baş katibi qlobal mənzil böhranının artan təsirlərini açıqlayıb — Fins.az — Fins.az